2020-ci ildən tikinti materiallarının pərakəndə satışı ilə məşğulam və sadələşdirilmiş verginin ödəyicisiyəm. 2024-cü ilin may ayının 5-də könüllü olaraq 2022-ci il yanvarın 1-dən ƏDV qeydiyyatına düşmək üçün vergi orqanına ərizə təqdim etmişəm və vergi orqanı tərəfindən 2024-cü ilin may ayının 8-də ƏDV qeydiyyat bildirişi elektron qutuma göndərilib. Bu zaman mən əvvəlki dövrün gəlir vergisi bəyannamələrini vergi orqanına təqdim etməliyəmmi və gec təqdim etdiyimə görə mənə maliyyə sanksiyası tətbiq olunacaqmı?
Sadələşdirilmiş verginin ödəyicilərinə vergi güzəşti
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, Vergi Məcəlləsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, mənfəət (gəlir) vergisi ödəyicisi olmayan vergi ödəyicisinin ƏDV qeydiyyatı bu Məcəllənin 157.3.3-cü maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda, vergi ödəyicisi qeydiyyat bildirişinin verildiyi tarixdən etibarən 90 gün müddətində bəyannaməni vergi orqanına təqdim etməyə borcludur.
Buna əsasən, keçmiş tarixlə könüllü ƏDV qeydiyyatına alındıqda ƏDV qeydiyyat bildirişinin verildiyi tarixdən etibarən tərəfinizdən 90 gün müddətində 2022-ci və 2023-cü illərin gəlir vergisinin bəyannamələri vergi orqanına təqdim olunmalıdır və müvafiq vergi bəyannamələri həmin müddətdə təqdim edilərsə, vergi orqanı tərəfindən maliyyə sanksiyası tətbiq olunmur.
Əsas: Vergi Məcəlləsinin 149.4-1-ci maddəsi