Dünya Bankı Azərbaycanda "İKT idarəçiliyinin qiymətləndirilməsi" ("Core ICT Governance Assessment") layihəsinin icrasına başlayıb.
Eləcə də bax: Vergi sisteminin qiymətləndirilməsi 3 əsas altindikator üzrə - APARILACAQ
FED.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan Bankın dövlət sektoru üzrə aparıcı mütəxəssisi və tapşırıq qrupunun rəhbəri Raul Feliks Xunkera Varela bildirib.
Onun rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycanda vergi islahatları üzrə texniki yardım” mövzusunda icra olunan layihə çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli ilə görüşüb. Görüşdə xidmət rəisi layihə çərçivəsində 2018-ci ildən qurulmuş birgə əməkdaşlığın hazırda uğurla davam etdirildiyini, layihənin vergi inzibatçılığının cari vəziyyətinin qiymətləndirilməsində səmərəli olduğunu vurğulayıb. O, bildirib ki, həyata keçirilən qiymətləndirmələr vergi inzibatçılığının keyfiyyət artımı üçün istifadə ediləcək.
R.F.X.Varela isə layihə çərçivəsində işlərin davam etdiyini bildirib. O, qeyd edib ki, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi ilə həyata keçirilən texniki yardım proqramının ilk mərhələsində “Tax Diamond” platformasının “Vergi inzibatçılığının funksional qiymətləndirilməsi” modulu əsasında vergi inzibatçılığının 12 fəaliyyət istiqaməti, II mərhələsində isə BPR (Business Process Reengineering) platformasının “Biznes proseslərinin qiymətləndirilməsi” modulu üzrə 5 fəaliyyət istiqaməti qiymətləndirilib. Əldə edilmiş nəticələr əsas götürülərək, 2020-ci ilin may ayında yekunlaşdırılması nəzərdə tutulan layihənin müddəti qarşılıqlı razılaşma əsasında uzadılıb. Hazırda yeni bir mərhələ olaraq isə "İKT idarəçiliyinin qiymətləndirilməsi" layihəsinin icrasına başlanılıb.
O.Nəzərli diqqətə çatdırıb ki, layihənin növbəti mərhələsi diqqətlə izlənilir və qurumun informasiya texnologiyaları sahəsinin 14 meyar üzrə qiymətləndirilməsi prosesinə xüsusi önəm verilir. O, qeyd edib ki, məlumat bazalarının idarə edilməsi, təhlükəsizlik, kommunikasiya infrastrukturu, sistemlərin inteqrasiyası, proqram mühəndisliyi təcrübələri, proseslərin idarə olunması, məlumat və informasiya mübadiləsi ilə bağlı qiymətləndirmənin nəticələrinə əsasən, təkmilləşdirilməsi nəzərdə tutulan iş prosesləri üzrə artıq müvafiq fəaliyyət planı hazırlanıb.
R.F.X.Varela deyib ki, budəfəki səfərdə əsas məqsəd İT sahəsində icra edilən layihə çərçivəsində işlərin təqdim olunması, risk menecmenti sahəsində əməkdaşlığın qurulması ilə bağlı təkliflərin verilməsi və texniki yardım layihəsinin ümumi iş planının müzakirəsindən ibarətdir.