Dünya Bankı gələn il ölkələrdə biznes mühiti üzrə “Doing Business”i əvəz edəcək yeni reytinqin dərcinə başlamağı planlaşdırır.
Yeni reytinq konsepsiyasının əsas hissələri artıq müəyyən edilib ki, bununla da, Dünya Bankı metodologiya məsələsində daha böyük şəffaflıq təmin etmək niyyətindədir. Dünya Bankı Qrupunun yeni layihəsi “Əlverişli Biznes Mühiti” – Business Enabling Environment (BEE) adlanır.
Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsi biznes mühitinin əlverişliliyini 3 mərhələdən ibarət olmaqla 10 indikator əsasında qiymətləndirir. Bu indikatorlardan biri də vergitutma ilə bağlı məsələlərdir.
Hər indikator üzrə aidiyyatı İşçi Qruplar tərəfindən konsepsiya komponentləri əsasında müvafiq sahələrin, o cümlədən vergitutma sahəsinin ilkin qiymətləndirməsi, təhlili və diaqnostikası aparılıb, məhdudiyyətlər və təkmilləşmə imkanları müəyyən edilib, Yol Xəritələri və diaqnostika matrisaları tərtib edilib.
İşçi Qrup tərəfindən tərtib edilmiş “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin əsas hədəfi özəl sektorun genişlənməsinə və inkişafına əlverişli imkan yaradan qaydaların və təcrübələrin tətbiqini təhlil etməklə onların təkmilləşdirilməsinə və cəlbediciliyinin artırılmasına nail olmaq, orta müddətli dövrdə həyata keçiriləcək təşəbbüslərin ictimaiyyətin və vergi ödəyicilərinin diqqətinə çatdırılması, habelə gələcək dövrün fəaliyyətləri barəsində əhalinin məlumatlandırılmasından ibarətdir.
“Vergi qaydalarının keyfiyyəti indikatoru” çərçivəsində vergi müddəalarının aydınlığının təmin edilməsi, sorğuların keçirilməsi mexanizmlərinin və intensivliyinin müəyyən edilməsi və vergi qaydalarının yaradılmasında şəffaflıq prosesləri dəyərləndiriləcək.
“Vergi administrasiyası tərəfindən təmin edilən xidmətlər” altindikatoru üzrə vergi bəyannaməsi, vergilərin ödənilməsi və hesablanması üzrə elektron sistemlərin təkmilləşdirilməsi, vergi orqanı və digər dövlət orqanları arasında qarşılıqlı fəaliyyətin və məlumat mübadiləsinin səviyyəsinin qiymətləndirilməsi, riskə əsaslanan audit sisteminin inkişaf etdirilməsi, vergi yoxlamaları ilə bağlı mübahisələrin həlli mexanizmləri və vergi idarəçiliyinin şəffaflığı diqqət mərkəzində olacaq.
“Vergi yükü və vergi sistemlərinin səmərəliliyi” altindikatoru üzrə isə biznes üçün vergi dərəcələrinin optimallaşdırılması və vergi qaydalarına əməl etmək üçün tələb olunan müddətin sadələşdirilməsi prosesləri nəzərdə tutulur.
“Vergitutma” indikatoru Dünya Bankının əvvəlki “Doing Business” hesabatının mexanizmlərindən fərqli olaraq, daha geniş sahəni əhatə edəcək və vergi tənzimləmələrinin mürəkkəbliyini, vergi sistemlərinin səmərəliliyini, vergi yükünü və tələblərin yerinə yetirilməsi üzrə xərclərin optimallıq səviyyəsini qiymətləndirəcək. Eyni zamanda, ətraf mühit üçün zərərli olan fəaliyyətlərin qarşısını almaq və ya məhdudlaşdırmaq üçün ekoloji vergitutma aspekti də araşdırılacaq.
Ümumilikdə Yol Xəritəsi üzrə qarşıdakı 2 il ərzində Azərbaycanda 54 tədbirin həyata keçirilməsi müəyyənləşdirilib. Ölkədə ictimai qurumlarla, sahibkarların ictimai təşkilatları, assosiasiyalar və konsaltinq şirkətləri ilə birgə qeyd olunan sənədin təkmilləşdirilməsi məqsədilə biznes mühitinin cəlbediciliyinin artırılmasına töhfə verə biləcək bütün təkliflərin ətraflı müzakirəsi aparılacaq.
Qarşıdakı dövrdə İşçi Qrupun diqqət mərkəzində olacaq məsələlərdən biri milli vergi qanunvericiliyinə fokuslanmaqla vergilərin dərəcə strukturundakı sabitlik səviyyəsinin qiymətləndirilməsi, korporativ gəlir vergisi (mənfəət vergisi) ilə bağlı dəyişikliklərin tezliyinin dəyərləndirilməsidir. Bu istiqamətdə əsas işlər xərc komponentləri üzrə qiymətləndirilmə və təhlillərin aparılması, bu sahədə mütərəqqi xarici təcrübənin öyrənilməsi, bununla bağlı sahibkarlıq subyektləri, assosiasiyalar və dövlət orqanlarının iştirakı ilə görüşlərin keçirilməsi və müvafiq məsələlərin müzakirə edilməsinə yönələcək. Müzakirələrin nəticəsi olaraq bu istiqamətdə müvafiq qanunvericilikdə dəyişikliklərin edilməsinə dair layihənin hazırlanması nəzərdə tutulur.
Bununla yanaşı, iqlim dəyişikliyinə qarşı mübarizə və “yaşıl” texnologiyalardan istifadənin genişləndirilməsi məqsədilə ekoloji və “yaşıl” vergilərin tətbiq dairəsinin müəyyən edilməsi üzrə qabaqcıl beynəlxalq təcrübə öyrəniləcək. Bu istiqamətdə hibrid avtomobillərin idxalı və satışı üzrə vergi təşviqlərinin davam etdirilməsi, əhatə dairəsinin genişləndirilməsi, əhali qrupuna daxil olan aktiv istehlakçıların bərpa olunan enerji mənbələri hesabına istehsal etdikləri elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlirə münasibətdə güzəştlərin müəyyən edilməsi və s. kimi məsələlər də iş planına daxildir. (Vergilər.az)