Azərbaycanda 2027-ci ildən çips və şirinləşdirilmiş qazlı içkilərə aksiz vergisinin tətbiqi təklif edilir. Dövlət Vergi Xidməti (DVX) bu addımın gözlənilən nəticələri arasında əhalinin sağlamlığının qorunmasını da göstərir.
Çipsin hər kiloqramına 1 manat, içkilərin hər litrinə 10 qəpik aksiz vergisi təklif olunur
FED.az xəbər verir ki, DVX-nin 2027-ci ilin büdcə-vergi siyasətinə dair təqdimatında yeni aksizlərin zərərli məhsulların istehlakını azaltmaqla əhalinin sağlamlığını qorumağa və dövlət büdcəsinin gəlirlərini artırmağa xidmət edəcəyi bildirilir.
Təklifə əsasən, yerli istehsal olunan çipsin hər kiloqramına 1 manat, şirinləşdirilmiş mineral və qazlı içkilərin hər litrinə isə 10 qəpik aksiz vergisi tətbiq olunacaq. Bu, 100 qramlıq çips üçün 10 qəpik, bir litrlik içki üçün isə 10 qəpik əlavə aksiz yükü deməkdir.
Maraqlıdır ki, DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov noyabrın 6-da Milli Məclisdə çıxışı zamanı əhalinin sağlamlığının qorunmasının əsas məqsəd olmadığını bildirib. Onun sözlərinə görə, çips və şirinləşdirilmiş içkilər zərərli məhsullar kateqoriyasına daxil olsa da, başlıca məqsəd beynəlxalq vergi siyasəti təcrübəsinin Azərbaycanda tətbiq edilməsidir.
“Bu cür məhsulların aksizli mallar kateqoriyasına daxil edilməsi müxtəlif ölkələrin təcrübəsində də geniş yayılmış dünya praktikasına uyğundur. Bu cür məhsullar ümumilikdə zərərli məhsullar kateqoriyasına da daxildir. Lakin burada əsas məqsəd bu deyil. Başlıca məqsəd beynəlxalq təcrübədə geniş yayılmış vergi siyasəti praktikasının bu məhsullara münasibətdə də tətbiq edilməsidir”, – idarə rəisi bildirib.













