2025-ci ilin yanvar ayında sahibkar fəaliyyətim olub və işçilərimə əməkhaqqı hesablamışam. Fevral ayında fəaliyyətim olmadığı üçün işçilərimə əməkhaqqı hesablamamışam və onların hər birinin əmək müqaviləsinə xitam vermişəm. Sahibkar kimi isə fəaliyyətimi mart ayında dayandırmışam. Bilmək istəyirəm ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə sahibkarlıq fəaliyyətindən əldə etdiyim gəlirimin 75 faizini gəlir vergisi bəyannaməsində güzəşt kimi göstərə bilərəmmi?
Hansı halda banka yerləşdirilən depozitlərdən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunur?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Prezidentinin fərmanına əsasən, bu dəyişikliklər 2024-cü il yanvarın 1-dən qüvvəyə minib.
Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.
Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilmiş şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda, bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.
Sorğuya cavab olaraq bildirilir ki, vergi ödəyicisi fəaliyyətini dayandırdığı halda, Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20 -ci maddələrinin tədbiqi baxımından orta aylıq muzdlu işçi sayı faktiki fəaliyyət göstərilən dövrə uyğun müəyyən edilir. Mart ayında işçiniz olmadığı üçün orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olacaq və sizin güzəştdən istifadə etmək hüququnuz olmayacaq.