Milli valyutada depozit məbləği yerli bankda 1 il müddətinə yerləşdirilib və müqavilənin şərtlərinə əsasən, 1 il başa çatdıqdan sonra tərəflər müqaviləni dayandırmırsa, depozitin müddəti avtomatik olaraq daha 1 il uzadılıb. Yəni, mahiyyət etibarilə depozit 18 aydan artıq müddətə yerləşdirilib və həmin məbləğ 18 aydan tez ödənilməyib. Müqavilənin şərtlərinə görə, faiz gəlirləri illik ödənilir. Bilmək istəyirəm: bu halda 1-ci il başa çatdıqda ödənilən faiz məbləğindən vergi tutulurmu? 2-ci il başa çatdıqdan sonra, yəni ikinci dəfə ödənilən faiz gəlirlərinə vergi tətbiq olunurmu? 1-ci il başa çatdıqda ödənilən faiz məbləğinə vergi tətbiq olunmuşsa, depozitin müddəti 18 ayı keçdikdən sonra həmin vergi məbləği geri qaytarılırmı?
Fərdi sahibkarların gəlir vergisindən güzəşt əldəetmə şərtləri: MEYARLAR, TƏLƏBLƏR
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildiirlib ki, Vergi Məcəlləsinin 102.1.22-3-cü maddəsinə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır.
Bank əmanətləri ilə bağlı Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.22-4-ci maddəyə əsasən isə yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmadan ödənildikdə, hesablanmış faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azad edilir.
Misal üçün, vergi ödəyicisi 40.000 manat məbləğində vəsaiti illik 10 faiz olmaqla 1 il müddətinə banka depozit kimi yerləşdirib. Bu zaman həmin vəsait üzrə hesablanan aylıq gəlirin 200 manatlıq hissəsi gəlir vergisindən azaddır. Vətəndaş həmin depoziti 1 ilin sonunda əldə edərsə, bu zaman hesablanmış faiz 4.000 manat təşkil edəcək. Güzəşt məbləği aylıq 200 manat olduğu üçün illik məbləğ 2.400 manat olacaq. Bu zaman bank vətəndaşa ödənən faizin 1.600 (4.000-2.400=1.600) manat hissəsindən ödəmə mənbəyində vergi hesablayacaq.
Tutaq ki, vətəndaş banka 2 il müddətinə 40.000 manat məbləğində illik 10 faiz olmaqla vəsait yerləşdirib. Həmin vəsait müqavilə müddəti başa çatdıqdan sonra əldə edilərsə, o zaman hesablanan tam faiz üzrə gəlir vergisi tətbiq edilməyəcək.