2023-cü ildən etibarən şirkət və sahibkarların banklarda hesab açması qaydası dəyişəcək.
FED.az xəbər verir ki, bu Vergi Məcəlləsinə ediləcək dəyişikliklərdə nəzərdə tutulur. 2023-cü ildən tətbiq ediləcək yeniliyə əsasən bundan sonra sahibkar və ya şirkətin bank hesabı açması üçün vergi qeydiyyatından keçməsi ilə bağlı şəhadətnamə dublikat almasına ehtiyac olmayacaq.
Xatırladaq ki, hazırkı qanunvericiliyin tələbinə əsasən vergi ödəyiciləri bank hesabının açılması üçün vergi orqanına müraciət edərək şəhadətnamə-dublikat almalıdır. Bu sənəd olmadan banklara vergi ödəyiciləri üçün hesab açılması qadağandır.
Proses elektron qaydada tənzimlənir - vergi ödəyicisi şəhadətnamə-dublikat üçün müraciət etdikdə vergi orqanı həmin şəhadətnaməni banka göndərir, hesab açıldıqdan sonra isə bank vergi orqanına məlumat verir (bildiriş göndərir). Bu mexanizmin tətbiq edilməsində məqsəd odur ki, vergi orqanları vergi ödəyicilərinin banklardakı hesabları barədə məlumatlı olsunlar.
2023-cü ildən isə bu qayda dəyişir. Vergi Məcəlləsinin 35-ci maddəsinə, eləcə də, digər əlaqəli maddələrdə nəzərdə tutulmuş dəyişikliyə əsasən 2023-cü ildən vergi ödəyiciləri tərəfindən şəhadətnamə-dublikatın alınması tələbi ləğv edilir.
Yeni qaydalara görə, gələn ildən etibarən Vergi ödəyiciləri (şirkət və sahibkarlar) birbaşa banka müraciət edərək hesab aça biləcəklər. Hesab açıldıqdan sonra bu barədə banklar vergi orqanını məlumatlandıracaqlar.
Digər maraqlı məqam ondan ibarətdir ki, növbəti ildən vergi ödəyicisinin vergi və digər icbari ödənişlər üzrə dövlət büdcəsinə və ya aidiyyəti fondlara borcu olduğu halda bank hesabının açılması mümkün olacaq, hansı ki, mövcud qanunvericiliyə əsasən bu mümkün deyil.