Azərbaycanda kənd təsərrüfatının vergidən tam azad edilməsi dövrü bitir.
Aqrar sahədə məhsullarının istehsalından əldə edilən gəlir və mənfəət üzrə mövcud vergi azadolması qaydasının dəyişdirilməsi və bu sahədən qismən də olsa vergi tutulması nəzərdə tutulur.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Vergi Məcəlləsinə təklif olunan və böyük ehtimalla qəbul ediləcək dəyişikliyə əsasən aqrar istehsalçıların gəlir və mənfəət vergisi üzrə indiyədək mövcud olan 100 faizlik azadolmasının 90 faizlik güzəştlə əvəz edilməsi nəzərdə tutulur. Bu o deməkdir ki, fermerlərin gəlirlərinin 10%-ndən vergi tutulacaq.
Yəni dəyişiklikdən sonra kənd təsərrüfatı istehsalçılarının gəlir və ya mənfəətinin 10 faizi vergiyə cəlb ediləcək, qalan 90 faizi isə vergidən azad olunacaq. Bu mexanizm 2027-ci ildən işə düşəcək və 2032-ci il yanvarın 1-dək qüvvədə qalacaq.
Xatırladaq ki, Azərbaycanda kənd təsərrüfatının vergidən azad edilməsi 2001-ci ildə - Vergi Məcəlləsi ilk dəfə qəbul ediləndə nəzərdə tutulmuşdu.
Yeri gəlmişkən, Vergi Məcəlləsinə edilən dəyişikliklərin ruhunu nəzərə aldıqda, FED.az hesab edir ki, 2032-ci ildən sonra 100%-lik güzəştin yenidən bərpası deyil, əksinə vergiyə cəlb olunan hissəsinin daha da artaraq 10%-dən çox olacağı daha inandırıcı görünür.
Bununla yanaşı, aqrar sektorda digər vergi güzəştləri hələ bir müddət olduğu kimi qalacaq – məsələn ƏDV, əmlak vergisi, sadələşdirilmiş vergi və dövlət subsidiyalarından əldə olunan gəlirlərə dair mövcud güzəştlərin daha beş il uzadılması planlaşdırılır.
Digər tərəfdən, Vergi Xidməti bildirir ki, gələn ildən etibarən bəzi güzəştlərdən yararlanmaq üçün istehsalçıların EKTİS-də qeydiyyatda olması və müvafiq gəlirlərini vergi bəyannaməsində göstərməsi tələbi qoyulacaq.













