Daşınmaz əmlak bazarında insanların ən çox üz tutduğu seqmentlərdən biri də torpaq bazarıdır. Torpaq bazarında alqı-satqı əməliyyatları zamanı kifayət qədər problemlər yaşanır.
Eləcə də bax: Bakıda torpağın qiyməti - Ucuzlaşıb
FED.az xəbər verir ki, daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev həmin problemlərdən danışıb:
“Turizm bölgələrində son on ildə salınan evlərin sahiblərinin 80%-i kənardan gedənlərdir. Qeyri-rəsmi statistikaya əsaslansaq, Bakı və Abşeron ərazisində 500 mindən çox çıxarışsız fərdi həyət evləri var. Zamanında bu torpaqların təyinatı fərdi yaşayış üçün nəzərdə tutulmamışdı. Ona görə də bu torpaqlar üçün çıxarış almaq olmur: yerli icra hakimiyyətİ, bələdiyyə və digər qurumların balansında olan torpaqlar vətəndaşlara satıldı və ya orada tikintilər aparmaq üçün icazələr verildi. Bu gün həmin vətəndaşların əlində olan sərəncamların çox böyük hissəsi bir vətəndaşdan digərinə etibarnamə yolu ilə satılıb. Yəni çıxarışlı torpağın alqı-satqı yolu ilə digər şəxsə satılma mexanizmi var, amma sərəncamlar satıla bilmir. Sərəncam bir şəxsin adına verilir, həmin şəxs verilmiş sərəncam üzərində əmlak tikib, çıxarış alıb, sonra sata bilər. Ən böyük problem odur ki, vətəndaşın əlində sərəncam var, amma adına sərəncam verilmiş şəxs yoxdur. Dördüncü, beşinci şəxslərdən keçən etibarnamələrlə bu gün torpaqar üzərində vətəndaşlar ev tikib yaşayırlar”.
Ekspert etibarnamə yolu ilə torpaq alarkən vətəndaşların nələrə diqqət etməli olduqlarını qeyd edib:
“Etibarnamə verən şəxs dünyadan köçərsə, o etibarnamə öz hökmünü itirir, həbs olunarsa, onunla bağlı müəyyən araşdırmalar başlayır. Etibarnamə verən adamın adına mülk varsa və həmin şəxs həyat yoldaşından boşanırsa, o mülklər belə əmlak bölgüsü zaman bölünür. Sərəncam verilmiş torpaqlar sərəncam kimin adına olur olsun özəlləşəndə birinci sahibinin adına özəlləşir. Gələcəkdə bununla bağlı çox ciddi problemlər baş verə bilər. Bu gün vətəndaşların böyük əksəriyyəti məcburən etibarnamə yolu ilə alqı-satqı edir. Çünki sərəncam üzərindən ikinci bir alqı-satqı mexanizmi qurulmayıb ki, vətəndaş gedib bir sərəncamı digərinin adına keçirsin. Əgər məcburiyyət qarşısında qalıb bir vətəndaşdan bir torpağı etibarnamə yolu ilə alırlarsa, birinci şəxsdirsə əgər, onu almaq məsləhət deyil. Əgər məcburiyyətdən alırlarsa, həmin etibarnamə verən şəxsin həyat yoldaşının da notarial qaydada razılığı olmalıdır və onlar imtina ərizələri yazmalıdırlar ki, bizim gələcəkdə bu torpaq üzərində hüququmuz yoxdur və heç bir iddiamız olmayacaq. Belə olmadıqda problemlər yaranır. Bəzən bir şəxs torpağı satır, sonra həmin şəxsin həyat yoldaşı və ya digər ailə üzvü gəlir etibarnaməni ləğv etdirir”.
E.Fərzəliyevin fikrincə, vətəndaşlar aldıqları torpağın üzərində fərdi yaşayış evi tikəcək və ya bağ salacaqlarsa, ilk növbədə bu tikili torpağın təyinatı üzrə olmalıdır: "Təyinatı üzrə olmayan torpaq üzərində tikilmiş tikililər qanunvericiliklə mülkiyyətə keçirilə bilmir. Əgər o torpaq əkin sahəsi və ya digər təyinatlar üzrə nəzərdə tutulubsa, onun üzərində ev tikmək qanunla qadağandır. Vətəndaşlar mütləq sənədləşməyə diqqət etməli, özləri bu barədə məlumatsızdırsa, hansısa hüquqşünas və ya vəkilə müraciət edərək alqı-satqı zamanı sənədlərin yoxlanılmasını onlardan xahiş etməlidirlər”. (Report)