Abşeron və Qobustanda üzərində evlər tikilən kənd təsərrüfatı təyinatlı torpaqların kateqoriyası dəyişdiriləcək.
Eləcə də bax: Qobustanda 78 hektar torpaq sahəsinin - Təyinatı Dəyişdirilir
FED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Sənəddə qeyd edilib ki, üzərində fərdi yaşayış evləri inşa edilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi üçün Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na uyğun olaraq torpaq mülkiyyətçiləri tərəfindən Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmalıdır.
Hesabatda nəzərə çatdırılır ki, Abşeron rayonunun bələdiyyələrinin hüdudları daxilində faktiki olaraq tikintilər altında olan 8125 hekar və Qobustan şəhəri üzrə 78 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mövcud istifadə vəziyyəti nəzərə alınmaqla kateqoriyasının dəyişdirilməsi məqsədi ilə Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasının zəruriliyi barədə İqtisadiyyat Nazirliyi tərəfindən Abşeron rayon İcra Hakimiyyətinə və Qobustan rayon İcra Hakimiyyətinə müvafiq məktublar ünvanlanıb. Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlarda mövcud olan tikililərlə əlaqədar adiyyatı qurumların nümayəndələrinin iştirakı ilə müzakirələr aparılır, tədbirlər plan tərtib edilib və çölölçmə işləri yerinə yetirilib. Bununla yanaşı, kənd təsərrüfatı təyinatlı torpaqlar üzərində 20 minə yaxın fərdi yaşayış evi, 6 minə yaxın müxtəlif təyinatlı qeyri-yaşayış tikililəri barədə məlumatlar toplanıb, xəritə materialları tərtib edilib, arayışlar və məlumatlar hazırlanıb və adiyyatı qurumlarda baxılır.
Sənəddə bildirilib ki, Qobustan rayonu ərazisində üzərində 300-dən artıq yaşayış evi inşa edilmiş 78 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı müvafiq sənədlər hazırlanır və yaxın vaxtlarda müəyyən olunmuş qaydada aidiyyatı üzrə müraciət ediləcək. (Apa)