Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsinin sifarişi ilə Xocavənd rayonunda fərdi yaşayış evlərinin təmiri üçün keçirilən üç tenderə yekun vurulub.
Azərbaycan İnvestisiya Holdinqi əməkdaşlarının istirahətinə - 214 MİN MANAT XƏRCLƏYƏCƏK
FED.az xəbər verir ki, qalib şirkətlər artıq müəyyən edilib və ümumi məbləğ 18 milyon manatdan artıq təşkil edir.
Birinci satınalma müqaviləsi Xocavənd rayonunun Quzeyxırman kəndində aparılacaq təmir işlərini əhatə edir. Bu layihənin icrası “Az-Caspian Construction” MMC-yə həvalə olunub. Müqavilənin dəyəri 6.230.240,45 AZN təşkil edir.
“Az-Caspian Construction” MMC 2009-cu ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rəşad İbadov Əsəd oğludur. Hüquqi ünvanı AZ1090, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryoqin küçəsi, ev 8B, mənzil 45 ünvanında yerləşir.
İkinci və üçüncü tenderlərin qalibi “Frekans Construction and Energy Company” MMC və “Uğur Tikinti” MMC konsorsiumudur. Konsorsium iki ayrı yaşayış məntəqəsində eyni məzmunlu təmir işlərini icra edəcək. Bunlardan biri Xocavənd rayonunun Tağaverd kəndində baş tutacaq. Bu işlər üçün ayrılmış büdcə 4.409.844,26 AZN təşkil edir.
Üçüncü layihə isə Qırmızı Bazar qəsəbəsini əhatə edir. Burada da fərdi evlərin təmiri nəzərdə tutulur. Konsorsiumun icra edəcəyi bu işlər üçün isə dövlət tərəfindən 7.454.969,14 AZN vəsait ayrılıb.
“Frekans Construction and Energy Company” MMC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Adil Məsimov Bəhlul oğludur. Hüquqi ünvanı AZ1129, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 23, mənzil 137 ünvanında yerləşir.
“Uğur Tikinti” MMC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rauf Hüseynəliyev Vasib oğludur. Hüquqi ünvanı AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 21, mənzil 9 ünvanında yerləşir.
Ümumilikdə hər üç layihə üzrə maliyyə dəyəri 18.095.053,85 AZN təşkil edir. Bu, Qarabağın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərinin davamlı xarakter aldığını bir daha təsdiqləyir.