Bu ilin yanvar-sentyabr aylarında tikintidə işləyənlərin orta aylıq əmək haqqı 956,2 manata çatıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12,7% çoxdur.
Ötən ilin eyni dövründə bu sahədə çalışanların orta aylıq əmək haqqı 848,7 manat idi.
Ümumiyyətlə, 2023-cü ilin 1 oktyabr vəziyyətinə tikintidə 111,2 min nəfər fəaliyyət göstərib. 2022-ci ilin 1 oktyabr vəziyyəti ilə müqayisədə bu göstərici 13,7% azalıb. 2022-ci ilin 1 oktyabrında 130 min nəfərdən çox bu sahədə çalışırdı.
Ümumilikdə tikinti sektorunda çalışanların 55,5 min nəfəri (əvvəlki illə 26,3% az) binaların tikintisində, 29,1 min nəfəri mülki təyinatlı inşaat sektorunda (4,5% çox), 27,5 min nəfəri ixtisaslaşdırılmış tikinti işlərində (2,9% artım) çalışıb.
Hesabat dövründə binaların tikintisində çalışanların əmək haqqı 1 088,5 manat (21,1% artım), mülki təyinatlı inşaat işlərində işləyənlərin əmək haqqı 914,4 manat (11,3% artım) və ixtisaslaşdırılmış tikinti işlərində işləyənlərin əmək haqqı isə 1020,2 manat (11,1% artım) təşkil edib.