“İnnovasiya və Təchizat Mərkəzi” PHŞ tərəfindən müxtəlif səhiyyə müəssisələrinin laboratoriya testləri ilə təchizatı məqsədilə elan olunmuş 4 tenderə yekun vurulub.
Təmizlik tenderinə uyğun təklif tapılmadı – TENDER LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, tenderlərdə qalib “Spektr Med” MMC (VÖEN: 2001534811) olub. Satınalmalar çərçivəsində hemoqram, koaqulloqramma, immunohematoloji, sidiyin ümumi analizi, PZR müayinələri və digər laborator testlərin tədarükü nəzərdə tutulur.
Birinci satınalma üzrə laboratoriya testləri 7 tibb müəssisəsini əhatə edir və qalib şirkətlə 11 488 487 manat məbləğində müqavilə imzalanıb.
İkinci satınalma 10 tibb mərkəzi üçün eyni testlərin satın alınmasını əhatə edir və müqavilənin ümumi dəyəri 12 846 682 manat təşkil edir.
Üçüncü tender isə interferon qamma ifraz testi və SÜA kimi əlavə müayinələri də əhatə etməklə 3 tibb müəssisəsini əhatə edir və qalib şirkətə 11 921 660 manat ödəniləcək.
Nəhayət, dördüncü tender Respublika Pediatriya Mərkəzinin müvafiq testlərlə təminatına aiddir və bu tender çərçivəsində 5 035 604 manat dəyərində laboratoriya testlərinin alınması nəzərdə tutulur.
Beləliklə, hər dörd tender üzrə “Spektr Med” MMC ilə bağlanan müqavilələrin ümumi dəyəri 41 292 433 manat təşkil edir.
Xatırladaq ki, “Spektr Med” MMC bu il ərzində “İnnovasiya və Təchizat Mərkəzi” PHŞ tərəfindən keçirilən daha bir tenderdə qalib seçilib. 11 aprel tarixində yeni Klinika və Respublika Pediatriya Mərkəzində istifadə üçün nəzərdə tutulan reaktivlər, laborator sərfiyyat malları və digər tibbi avadanlıqların satın alınması üzrə 223 522 manat məbləğində müqavilə bağlanıb.
Qeyd edək ki, “Spektr Med” MMC 2009-cu ildə yaradılıb, nizamnamə kapitalı 30 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Cahangir Eynullayev Arif oğludur. Hüquqi ünvanı AZ1100, Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, ev 30C, mənzil 30C ünvanında yerləşir.