2024-cü ildə Azərbaycanda dövlət satınalmalarının 30,9%-i ilin birinci yarısında, 69,1%-i isə ikinci yarısında həyata keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, məbləğ baxımından da bu göstəricilər eynidir. Yəni dövlət satınalmaları üzrə sifarişlərin cəmi 38%-i ilin ilk yarısında, 62% isə ilin ikinci yarısında olub.
Tenderlərdə əsas aktivlik isə ilin axırında, 4-cü rübdə müşahidə edilib: ölkədəki il ərzində baş verən bütün satınalmaların 38%-i bu dövrə təsadüf edib, bu təqribən 3 milyard 728 milyon manatdır.
Hesablama Palatası hesab edir ki, satınalmaların ilin sonunda həyata keçirilməsinin əsas səbəbi, satınalan təşkilatlar tərəfindən planlaşdırmanın düzgün aparılmamasıdır.
Bundan başqa, satınalan təşkilatların yeni qanunun tətbiqi ilə bağlı müvafiq sahədə kifayət qədər səriştəsinin olmamasıda buna səbəb olur.
Digər tərəfdən, satınalmanın baş tutması üçün bəzi mal və xidmətlərin təchizatı ilə məşğul olan podratçıların sayının kifayət etməməsi, onların satınalmalarda iştirak etməməsi və ya müvafiq bazarın hələ tam formalaşmaması da satışların ilin sonuna qalmasına səbəb olur.
Bu hal ilin sonunda avans ödənişlərinin çoxalmasına və növbəti il üçün əlavə maliyyə öhdəliklərinin yaranmasına səbəb ola bilər.