Azərbaycanda dövlət satınalmaları prosedurları sahəsində maraqlı yenilik baş verib.
Tender və digər satınalmalarda işlərik edən şirkətlər və şəxslər məhkumluq barədə arayışı portal vasitəsilə təqdim edə biləcəklər.
FED.az Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu yenilik “İnformasiya resurslarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli Qərarına əsasən baş verib. Həmin qərarda bir sıra dövlət qurumları ilə dövlət satınalmalarının vahid internet portalının (etender.gov.az) inteqrasiyası nəzərdə tutulub.
Bu işlər çərçivəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Daxili İşlər Nazirliyi ilə birgə məhkumluq arayışının onlayn olmasını təmin edib.
Xatırladaq ki, qanunvericiliyə əsasən tender iştirakçıları “hüquqi şəxs və ya fərdi sahibkarın icra orqanının rəhbərinin satınalmaya dair elanın verilməsindən (dəvətin göndərilməsindən) əvvəlki 5 il ərzində iqtisadi sahədə cinayətlərə, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərə, kibercinayətlərə, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırılma cinayətlərinə görə məhkum olunmaması arayış təqdim etməlidirlər.
İndiyədək bu arayış yalnız DİN qurumlarında kağız şəklində verilirdi və tenderdə iştirak etmək üçün qurum rəhbərləri bu arayışı gedib ASAN Xidmət mərkəzlərindən almalı idilər ki, bu da böyük narahatlıq və narazılıq yaradırdı.
İndi isə məlumat bazasının inteqrasiyası sayəsində tenderlərdə iştirak edən şirkət və şəxslər bu arayışı heç bir yerə getmədən birbaşa şəxsi kabinetlərində sorğu etməklə əldə edə bilərlər. Bu yenilik həm arayışın saxtalığı riskini aradan qaldırır, həm də yuxarıda deyildiyi kimi, əlavə vaxt itkisinin də qarşısını alır.
Qeyd edək ki, təchizatçıların dövlət satınalmalarında iştirakının daha da asanlaşdırılması məqsədilə müxtəlif dövlət qurumlarından tələb olunan sənədlərin portal vasitəsilə real vaxt rejimində əldə olunması üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Ədliyyə Nazirliyi ilə inteqrasiyalar həyata keçirilib.