Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Cənub yaşayış zonasında yaşayış binalarının tikintisinə dair elan etdiyi 2 açıq tenderə yekun vurub.
FED.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, hər iki tenderin qalibi "Conco" QSC-dir.
Eləcə də bax: MİDA Füzulidə 6 yaşayış binasının tikintisi üçün podratçı - SEÇİR
Qalib şirkətə müvafiq olaraq 7,682 milyon manat və 7,005 milyon manat, ümumilikdə isə 14,687 milyon manat ödəniləcək.
Məsələ ilə bağlı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi də açıqlama yayıb. Açıqlamada deyilir ki, idarə Şuşada salınacaq 23 binalı yaşayış massivinin 8 binasının inşası üzrə keçirilən açıq tenderdə 9 şirkətin təqdim etdiyi təkliflər qiymətləndirilib və "Conco" ilə müqavilə bağlanılıb. Şəhərin Baş planına əsasən, aparılacaq tikinti işləri 3 və 5 mərtəbəli binalar olmaqla müasir materialların istifadəsi ilə baş tutacaq və Şuşanın iqlim şəraiti nəzərə alınacaq. Binaların zirzəmisində avtodayanacaq imkanı da olacaq.
Yeni yaşayış kompleksinin yerdə qalan 15 binasının inşası üzrə açıq tenderin keçirilməsi yaxın zamanlarda baş tutacaq. İdarə təcrübəli tikinti şirkətlərini keçiriləcək növbəti tender müsabiqəsində fəal iştirak etməyə dəvət edir. (Report)