Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində Ərazi Tikinti-Planlaşdırma Mərkəzi (ƏTPM) Cəbrayıl, Laçın və Qubadlı rayonları üzrə yaşayış məntəqələrinin bərpası planının hazırlanması işlərinə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunu və “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunu cəlb edib.
Bu məqsədlə ƏTPM ümumilikdə 1 milyon 873,424 min manat dəyərində 5 müqavilə bağlayıb.
FED.az xəbər verir ki, “Azərmemarlayihə” ilə bağlanmış birinci müqavilə Laçın rayonunun Qorçu qəsəbəsinin şəhərsalma əsaslandırılmasının hazırlanmasını nəzərdə tutur.
“Azərdövlətlayihə” ilə bağlanmış 4 müqavilədə Cəbrayıl rayonunun Şükürbəyli, Qubadlı rayonunun Zilanlı, Xanlıq və Mahruzlu kənd yaşayış məntəqələrinin layihələndirilməsi nəzərdə tutulub. Müqavilələrin dəyəri müvafiq olaraq 378,424 min manat, 335 min manat, 380 min manat və 360 min manatdır. (İnterfaks-Azərbaycan)