Azərbaycanda büdcə təşkilatları üçün satınalma proseslərinin müddəti azaldılmalıdır.
"Ən çox çatışmazlıq büdcə qanunvericiliyi və satınalmalarla bağlıdır"
FED.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Hüseynov parlamentin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.
Deputatın sözlərinə görə, son dövrlərdə satınalmalar sahəsində qanunvericilik bazası daha da təkmilləşdirilib və büdcə təşkilatları üçün prosedurlar bir qədər sadələşdirilib: "Lakin buna baxmayaraq, satınalma proseslərinin vaxt baxımından daha da qısaldılması vacibdir. Bu, büdcə vəsaitlərinin daha çevik və operativ şəkildə xərclənməsinə imkan verəcək".
A. Hüseynov, həmçinin audit dairəsinin genişləndirilməsini təklif edib. Onun sözlərinə görə, büdcənin həcmi artdıqca, Hesablama Palatasının audit imkanlarının da genişləndirilməsinə, əməkdaş sayının artırılmasına ehtiyac yaranır.
Büdcə ili ərzində hansı büdcə təşkilatlarında nöqsanlar müşahidə olunursa, onların qarşısı operativ şəkildə alınmalıdır”. (Report)