“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən elan edilmiş üç tenderin hamısında qalib eyni şirkət olub.
Dövlət kvadratı 2 137 manatdan mindən çox mənzil alır - TENDER ELANI, ŞƏRTLƏR
FED.az xəbər verir ki, ümumi məbləği 4,6 milyon manata yaxın olan bu layihələr “Az.Arxitektura” MMC-yə həvalə edilib.
Ən böyük müqavilə Bakı şəhərində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işlərinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlıdır. Bu işlərin ümumi dəyəri 3.030.582,2 manat təşkil edir. Müqaviləyə əsasən, həmçinin Xətai rayonunda yerləşən "Sevgililər parkı"nın davamı üçün layihə-smeta sənədləri hazırlanacaq, bununla yanaşı, paytaxtda 5 hektar ərazidə salınacaq yeni parkın dizaynı da “Az.Arxitektura” MMC tərəfindən işlənəcək.
İkinci tender çərçivəsində şirkət Bakı şəhərində dövlət mənzil fonduna aid binaların təmirinə dair layihə-smeta sənədlərini hazırlayacaq. Bu işlərin dəyəri 980.462 manat olub.
Üçüncü müqavilə isə daha spesifik məzmun daşıyır. Belə ki, Roma papası II İohann Pavel adına katolik kilsəsi binasının layihə-smeta sənədlərinin hazırlanması üçün 647.112 manat vəsait ayrılıb.
Beləliklə, “Az.Arxitektura” MMC bu üç tender üzrə ümumilikdə 4.658.156,2 manat dəyərində layihə icra edəcək.
Qeyd edək ki, “Az.Arxitektura” MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 5 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Yunis Şükürlü Sahib oğludur. Hüquqi ünvanı AZ1116, Bakı şəhəri Binəqədi rayonu, mikrorayon 7, ev 29 A, 1260-cı keçid,1-ci giriş, 1-ci mərtəbə ünvanında yerləşir.