Xəbər verildiyi kimi, Şəhərsalma və Arxitektura Komitəsi İşğaldan azad edilən rayonlarda tikintilərin bərpası ilə bağlı layihələrin hazırlanması, eləcə də Mingəçevir şəhərində, Ağdam və Bərdə rayonlarında, Gəncə şəhərində, Tərtər rayonunda, Füzuli, Cəbrayıl və Tərtər rayonlarında, Naftalan şəhərində, Ağcabədi, Goranboy, və Beyləqan rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir, bərpa və tikintisi ilə bağlı tenderin nəticələrini elan edib.
Eləcə də bax: Qarabağda tikinti ilə bağlı çoxmilyonluq tender – CƏMİ 4 GÜNƏ YEKUNLAŞIB
FED.az xəbər verir ki, tenderlərdə "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu (1 162 min manat), “Rabitəinşaat” ASC (4 579 min manat), “Conco” QSC (4 895 min manat,), “Real-İnşaat” (5 671 min manat), “Az Graft Construction” (3 388 min manat) və “Parlaq-N” MMC-lərdir (2 116 min manat).
Başqa sözlə tenderlərin ümumi məbləği 21,8 milyon manat təşkil edir.
FED.az tender qaliblərini təqdim edir.
«Rabitə inşaat» MMC
İndiyədək, yəni 2018-ci ildən bəri ümumi məbləği 47,1 milyon manat olan 18 tikinti tenderinin qalibi olub. Tenderlərin əksəriyyəti Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun tikinti layihələri – qaçqın şəhərciklərinin salınmasına aiddir. Cəmi 4 tender, kiçik müqavilələri əhatə edir – ümumi məbləği 445 min manatdır. Digər 14 tenderdə 46,7 milyon manat əldə edilib. Növbəti iri tender isə Şəhərsalma və Arxitektura Komitəsindən gəlib. Bu tenderin məbləği 457,9 milyon manat təşkil edir.
“Conco” QSC və ya “Conco” MMC
Dövlət satınalmalarında 2017-ci ildən iştirak edir və iri tikinti tenderlərdə qalib gəlməsi ilə məşhurdur. İndiyədək ən çox 3 təşkilatın tikinti tenderlərini qazanıb. Bunlar MİDA (3 tenderdə 26,8 milyon manat), İçərişəhər Dövlət Qoruğu (2 tenderdə 4,1 milyon manat) və Əmək və Əhalinin Sosisl Müdafiəsi Nazirliyidir (2 tenderdə 1,8 milyon manat). Başqa sözlə, indiyədək «Conco» şirkəti 33 milyon manatlıq tikinti tenderi qazanmışdı. İndi isə bu siyahıya Şəhərsalma və Arxitektura Komitəsi də əlavə olunub. Yeri gəlmişkən, əvvəllər MMC olan şirkət 2020-ci ilin sentyabrında Qapalı səhmdar cəmiyyətə (QSC) çevrilib.
«Parlaq-N» MMC
İndiyədək daha çox İsmayıllı rayon icra hakimiyyətinin tenderlərində qalib gəlib. 2018-ci ildən bəri şirkət İsmayıllıda ümumi məbləği 2,3 milyon manat olan 5 tender qazanıb. Bundan başqa, 2020-ci ildə Təhsil Naziriliyinin 2 024 970 manatlıq iri bir tenderində qalib gəlib. Nəticədə indiyədək rəsmi olaraq açıqlanan 4,3 milyon manatlıq tenleriq qalibi olub. Şəhərsalma və Arxitektura Komitəsinin tenderi sonuncu və ən böyüyüdür - 211 594 166 manat.
“Az Graft Construction” MMC
Dövlət satınalmalarında indiyədək iştirak etməyib. Elə ilk qalibiyyəti 338 752 533 manat məbləğində müqavilə olub
«Real-İnşaat» MMC
«Real-İnşaat» MMC üçün bu ikinci dövlət tenderidir. İndiki tenderdə şirkət 567,1milyon manatlıq dövlət sifarişi qazanıb. Bundan əvvəl isə şirkət "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin Ağcabədi PİEZ-da yenidən qurma, təmir işləri və yeni tikililərin satın alınması işlərini görmək üçün 1 milyon 130 min 440 manatlıq satınalmanı qazanmışdı.