Xəbər verildiyi kimi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işğaldan azad olunan ərazilərin bərpası ilə bağlı elan edilmiş 6 tenderə yekun vurub.
Eləcə də bax: Hökumət Qarabağda tikintiyə başlayır – 20 MİLYON MANATLIQ TENDERİN QALİBLƏRİ AÇIQLANDI
FED.az-ın məlumatına görə, tenderlər 6 lot üzrə elan edilmişdi. Bunlar
1) düşmən təcavüzü nəticəsində dağılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyac olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektleri üçün layihə-smeta sənədlərinin işlənməsi və tikinti müddətində müəllif nəzarətinin həyata keçirilməsi,
2) Mingəçevir şəhərində, Ağdam və Bərdə rayonlarında,
3) Gəncə şəhərində,
4) Tərtər rayonunda,
5) Füzuli, Cəbrayıl və Tərtər rayonlarında,
6) Naftalan şəhərində, Ağcabədi, Goranboy, və Beyləqan rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir, bərpa və tikintisi ilə bağlı olub.
Vahid dövlət satınalmaları portalının açıqladığı məlumata görə, tenderlərin qalibləri müvafiq olaraq Komitənin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu (1 162 min manat), eləcə də “Rabitəinşaat” ASC (4 579 min manat), “Conco” QSC (4 895 min manat), “Real-İnşaat” (5 671 min manat), “Az Graft Construction” (3 388 min manat) və “Parlaq-N” MMC-lərdir (2 116 min manat).
Maraqlıdır ki, Dövlət Şəhərsalma və Arxitertura Komitəsi belə böyük məbləğdə tikinti işlərinə aid olan layihələr üzrə satınalmanı - açıq tender yolu ilə deyil, təkliflər sorğusu ilə həyata keçirib. Üstəlik, təklifləri hazırlamaq üçün iştirakçılara cəmi 4 gün vaxt verilib.
Belə ki, sözügedən işlər üçün tender elanı martın 29-da açıqlanıb. Elanda bildirilir ki, «Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 30.03.2021 09:00 - 02.04.2021 12:00 tarixinədək qəbul olunur». Başqa sözlə, bütün bu tikinti işləri üzrə araşdırma və təkliflərin hazırlanması 4 günə tamamlanmalı idi.
Dövlət Şəhərsalma və Arxitertura Komitəsi təkliflər sorğusunda iştirakçıların sayını və təklifləri açıqlamayıb. Yalnız qaliblərin adları və görüləcək işlərin həcmi açıqlanıb.