Maliyyə Nazirliyi qeyri-yaşayış sahəsinin icarəsi xidmətinin satın alınması ilə bağlı keçirdiyi açıq tenderin nəticəsini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi fiziki şəxs Əşrəf Səxavət oğlu Səfərov (VÖEN – 2004596032) seçilib.
Qalib şəxslə 1 073 010 manat məbləğində müqavilə imzalanıb. Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 1 133 250 manat təşkil edirdi.
Ofis üçün tələblər: Ofislərin ümumi sahəsi (əsas və yardımçı sahələr daxil olmaqla) 1500 m², ofis binası təmirli olmalıdır. Qiymət 1500 m²-dən az olmayan sahəyə görə nəzərdə tutulmalıdır. Təchizatçılar müəyyən edilmiş sahəyə uyğun olaraq qiymət təklifi verməlidirlər; İnzibati binanın sahəsi “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli qərarına (https://e-qanun.az/framework/29860) uyğun olaraq ZONA-8 ərazisində yerləşməli, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş çıxarışın və ya əmlakın mülkiyyətçiyə məxsusluğunu təsdiq edə bilən hüquqi qüvvəyə malik sənədi olmalıdır; Təklif edilən ofislər daimi isti və soyuq su, işıq, istilik və soyutma sistemlərinə malik olmalıdır; Generator, işıqlandırma, havalandırma və yanğınsöndürmə sistemləri tam və işlək vəziyyətdə olmalıdır; Ofislərin otaqlarının iç qapıları quraşdırılmış, divarları boya ilə boyanmış və ya divar kağızları ilə yapışdırılmış olmalıdır; Binanın otaq sayı azı 85 ədəd olmalıdır (rabitə otağı, arxiv otağı, texniki otaq, akt zalı, iclas zalı, istirahət otağı, mətbəx, iş otaqları, anbar, qazanxana, yeməkxana); Rəhbər otaqları olmalıdır; Tualet və vanna otaqları kafel və metlaxla üzlənmiş, santexnika avadanlıqları ilə təchiz olunmuş; Mətbəx sayı 6 otaqdan az olmamalıdır; Kommunikasiya xətləri mövcud olmalıdır; Binada ən azı 1 sərnişin lift olmalıdır; İstifadə edilmiş qaz, su, işıq və məişət tullantılarının daşınmasına görə ödənişlər icarə haqqına daxil edilməlidir.Digər xərclər İcarəyə götürən tərəfindən ödəniləcək; Bina daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış olmalıdır; İcarə müddəti 30 ay nəzərdə tutulmuşdur.
Məlumat üçün bildirək ki, Əşrəf Səfərov dövlət qurumlarına icarə xidmətləri göstərən ən aktiv təchizatçılardan biridir. O, bundan əvvəl də bir neçə iri məbləğli tenderin qalibi olub:
1 oktyabr 2024-cü il tarixində "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" ilə 2 752 453 manatlıq;
"DOST İş Mərkəzi" MMC ilə 2020-2024-cü illər ərzində ümumi dəyəri 2,5 milyon manatdan çox olan bir neçə icarə müqaviləsi (853 710 manat, 426 864 manat, 426 855 manat, 264 579 manat, 213 432 manat və 213 428 manat) imzalayıb.












