Azərbaycanda qiymətləndirmə prosesinin daha çox ehtiyac duyulduğu təşkilatlar özlərinə qiymətləndirici şirkətlər təsis edərək bütün sifarişləri onlara verirlər. Nəticədə qiymətləndirmə bazarında qeyri-sağlam rəqabət yaranır.
Eləcə də bax: Qiymətləndirmə sahəsində yeniliklər – LİSENZİYA TƏLƏBİ, QİYMƏTLƏNDİRİCİLƏR PALATASI
Bu barədə FED.az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc məlumat verib.
«Azərbaycanda ayrı-ayrı hüquq mühafizə orqanlarının, o cümlədən məhkəmələrin və qiymətləndirmə prosesinin daha çox ehtiyac duyulduğu sahələrin özlərinin təsis etdiyi şirkətlər var. Mən dəfələrlə rastlaşmışam, o şirkətləri nə mən, yəni qiymətləndiricilərin özləri, nə də cəmiyyət tanıyır, yəni bazarda olmayan şirkətlərdir. Ancaq onlar, məhkəmə sistemində və ayrı-ayrı icra qurumlarında işləyirlər»-deyə sədr müavini bildirib.
Onun sözlərinə görə, bəzi banklar və sığorta şirkətləri də özlərinə uyğun qiymətləndirmə şirkətləri ilə çalışırlar. «Bankları bu və ya digər mənada başa düşmək olar. Çünki bankların riski var və bank seçim edir ki, tutaq ki, 3-5 şirkətlə işləyir, onları daha ciddi sayır, işləyir. Amma məhkəmə və digər dövlət təşkilatlarına bu nə üçün lazımdır?!. Onlar kredit vermir, bu qurumların yeganə marağı əmlakın obyektiv dəyərinin ortaya çıxması olmalıdır».
Dövlət qurumlarının bununla bağlı keçirdiyi tender və satınalmalara gəlincə, V.Oruc bildirir ki, həmin sahə ilə balı satınalmalar şəffaf keçirilmir və onların qalibləri əvvəlcədən məlum olur: «Azərbaycan reallığında həmin tender və kotirovkaların hansı metodlarla keçirildiyin bilirik. Bəzən ümumiyətlə keçirilmir, keçiriləndə də qalibi əvvəlcədən məlum olur. Dövlət qurumlarının birində tender saytında elanlar gedir, mütəxəssislərimiz zəng eləyir ki, biz də iştirak eləmək istəyirik. Bir saat sonra bizə başqa bir qiymətləndiricidən zəng gəlir ki, biz artıq həmin tenderi götürmüşük, sadəcə formal xarakterdədir.
Yəni o obyektlər tenderə çıxarılır ki, o elanlar verilir ki, artıq onlar qabaqcadan həll olunub. Ona görə də burada şəffaflıqdan söhbət gedə bilməz».