Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Yasamal rayonunda inşa edilən yaşayış kompleksinin (Yasamal-2) ərazisinin şaquli planlaşdırılması, yollar, səkilər və velosiped yollarının inşası üzrə əlavə işlərin həyata keçirilməsinə 480 min manata yaxın vəsait yönəldəcək.
Eləcə də bax: MİDA yaşayış binalarının tikintisinə 14 milyon manat - XƏRCLƏYƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, MİDA “Körpü Bina Tikinti” MMC ilə müvafiq müqavilə bağlayıb.
Müqavilənin dəyəri 472 min 179,44 manatdır.
Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında, Qanlı Gölün şimal hissəsində yerləşir. Ümumi sahəsi 15,4 hektar təşkil edən yaşayış kompleksinin təməli 2018-ci il dekabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.
Yeni yaşayış kompleksi 22 doqquzmərtəbəli və 18 onikimərtəbəli olmaqla 40 binadan ibarətdir. Bu binalarda ümumilikdə 2202 mənzil olacaq ki, onlardan 160-nın birotaqlı, 114-nün studio tipli, 674-nün ikiotaqlı, 1128-nin üçotaqlı, 126-nın isə dördotaqlı olması nəzərdə tutulur. Bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif olunacaq.
Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, üç uşaq bağçasının və 1200 şagird yerlik orta təhsil məktəbinin istifadəyə verilməsi nəzərdə tutulub.