Vaxtilə Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan «Günay Sığorta» zərərlə işləməklə yanaşı, işçi heyətini də azaltmaqdadır.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2022-ci ilin sonuna «Günay Sığorta»nın cəmi 104 əməkdaşı qalıb. Müqayisə üçün bildirək ki, 2021-ci ilin sonunda şirkətdə 115 nəfər, 2020-ci ilin sonunda isə 136 nəfər çalışırdı.
Şirkətdə əməkdaşların sayı fasiləsiz olaraq 2 ildir ki, azalmaqdadır. Belə ki, şirkətdə 2021-ci ilin 1-ci rübündə 136 nəfər, 2-ci rübdə 135 nəfər, 3-cü rübdə 126 nəfər, 4-cü rübdə 115 nəfər çalışıb. 2022-ci ildə isə 1-ci rübdə 112 nəfər, 2-ci rübdə 107 nəfər, 3-cü rübdə 106 nəfər, 4-cü rübdə isə 104 nəfər çalışıb.
Şirkət işçilərin azalması ilə il ərzində təqribən yarım milyon manata qənaət etməyə nail olub – əmək haqqı xərcləri 2021-ci ildəki 2,4 milyon manatdan 2022-ci ildə 1,9 milyon manata enib. Amma bu da «Günay Sığorta»nı mənfəətə çıxara bilməyib.