Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının telekommunikasiya, rabitə, mühafizə və təhlükəsizlik sistemlərinin quraşdırılması üzrə işlərin həyata keçirilməsi ilə əlaqədar mal iş və xidmətlərin satın alınması ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb.
Eləcə də bax: MİDA-nın yeni inzibati binası tikilib – FOTOLAR
FED.az xəbər verir ki, qalib şirkət "FF Construction" MMC-dir.
Komitə qalib şirkət ilə 4 milyon 585 min 707 manat olan müqavilə imzalayıb.
Ötən ilin Oktyabr ayında, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının isitmə-soyutma, ventilyasiya, kondisionerləşdirmə, su təchizatı, kanalizasiya, avtomatik yanğınsöndürmə sistemlərinin, qazanxananın və nasosxananın quraşdırılması üzrə işlərin həyata keçirilməsi ilə əlaqədar mal iş və xidmətlərin satın alınması" üzrə keçirdiyi tenderi yekunlaşdırmışdı. Tenderin qalibi "ALFA-R ENGİNEERİNG" MMC olmuşdu. Komitə qalib şirkət ilə məbləği 9 milyon 428 min 200 manat olan müqavilə imzalamışdı.
Bundan əvvəl, yeni inzibati binanın fasadının üzlənməsi "FF Construction" MMC şirkətinə sifariş olunmuşdu. Bu şirkət ilə məbləği 7 milyon 576 min 421 manat olan müqavilə bağlanmışdı.
Həmçinin Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının tikintisi üzrə bir sıra işlər “Progress” Sənaye İstehsalat Şirkətinə həvalə olunmuşdur. Bu şirkət ilə məbləği 30 milyon manatlıq, 1 milyon 92 min manatlıq və 1 milyon 332 min manatlıq olmaqla cəmi 32 milyon 424 min manatlıq müqavilələr imzalanıb.
Yeni inzibati binasının tikintisi üzrə yuxarıda adları çəkilən 3 şirkət ilə bağlanılmış müqavilələrin cəmi məbləği 54 milyon manatı aşıb. (Marja)