Artıq üçüncü ildir ki, eyni şirkət Fövqəladə Hallar Nazirliyinin (FHN) zabit və şəxsi heyəti üçün gündəlik geyim dəstləri və digər aksesuarların alınması üzrə tenderdə qalib gəlir. Üstəlik, ölkədə bir çox tikiş fabriki olduğu halda müqavilə vasitəçi şirkətə verilir.
Eləcə də bax: Nazirliyə «şapka» verən şirkətin - QAZANDIĞI TENDERLƏR - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı "Turan"a istinadən xəbər verir ki, martın 16-da Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin tenderi keçirilib. İki ay sonra tender komissiyası “Smart Style” MMC ilə müqavilə bağlandığını elan edib. Komissiya müqavilənin dəyəri barədə informasiya verməyib. Eləcə də 4 oktyabr 2018-ci ildə və 19 iyun 2019-cu ildə imzalanan müqavilələrin dəyəri açıqlanmır.
Dövlət satınalma təşkilatları tərəfindən müqavilələr barədə məlumatlar Vahid Dövlət Elektron Satınalmalar Portalı vasitəsilə açıqlanır. Ancaq burada da müqavilələr barədə məlumat yoxdur. Dövlət satınalmaları ilə bağlı məlumatların gizlədilməsi qanunla təqib edilir və Tender Komissiyası bu halda inzibati qaydada məsuliyyətə cəlb edilə bilər.
Dövlət satınalmaları portalının verdiyi məlumata görə, dekabr ayında Fövqəladə Hallar Nazirliyi və "Smart Style" MMC arasında havalandırma sistemləri üçün cihaz və avadanlıqların alınması barədə 260 min manat məbləğində müqavilə imzalanıb.
“Smart Style” MMC 2016-cı ilin iyul ayında 10 manat kapitalla Bakıda yaradılıb. Direktoru Babalar Lazımovdur. Şirkətin texniki imkanları, həmçinin direktorun barədə ictimaiyyət üçün açıq məlumat yoxdur."