İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən AVİS-2 informasiya sistemində İş Qovluğu modulunun və Vergi Hesab Fakturası modulunun yaradılmasının satınalınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "Cybernet" MMC olub. Müqavilənin ümumi dəyəri 3 526 648 manat təşkil edir. Ehtimal olunan qiymət isə 3 804 464 manat idi.
Qeyd edək ki, "Cybernet" MMC İqtisadiyyat Nazirliyi və onun tabeliyindəki qurumların informasiya texnologiyaları sahəsindəki əsas tərəfdaşlarından biridir. Şirkət indiyədək xüsusilə AVİS sisteminin yaradılması və təkmilləşdirilməsi üzrə ümumi dəyəri 21 milyon manatdan çox olan layihələrin qalibi olub.
Şirkətin qalib gəldiyi digər iri tenderlər aşağıdakılardır:
Dövlət Vergi Xidməti (03.08.2021) – Yeni AVİS 2 informasiya sisteminin yaradılmasının 3-cü mərhələsi (reliz 3) üzrə işlər. Dəyəri: 8 923 822 manat.
Dövlət Vergi Xidməti (17.07.2023) – AVİS-in altsistemlərinə, server otağına, məlumat bazalarına və digər proqram təminatlarına texniki dəstək, monitorinq və lisenziyaların alınması. Dəyəri: 6 117 524 manat.
İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi MMC (14.12.2022) – Yeni AVİS 2 informasiya sisteminin yaradılmasının 4-cü mərhələsi (reliz 4) üzrə işlər. Dəyəri: 4 692 087 manat.
İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi MMC (21.07.2023) – Dövlət Vergi Xidmətinin İnformasiya sistemlərinin təkmilləşdirilməsi üzrə işlər. Dəyəri: 1 770 000 manat.
Sahibkarlığın İnkişafı Fondu PHŞ (18.08.2021) – Elektron kredit platformasının təkmilləşdirilməsi və texniki dəstək. Dəyəri: 176 473 manat.










