Azərbaycanda dövlət satınalmaları sahəsində maraqlı yeniliklər gözlənilir.
Azərbaycanda keçirilən satınalmalarda iştirak məbləğlərinin - AZALMASI GÖZLƏNİLİR
FED.az xəbər verir ki, bu yeni hazırlanmış «Dövlət satınalmaları haqqında» qanunda nəzərdə tutulub.
Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi xidmətinin rəisi Məmməd Abbasbəyli FED.az-a bildirib ki, dövlət satınalmaları ilə bağlı hazırlanmış yeni qanun prinsipial olaraq adı ilə yox, həm də mahiyyətcə yenidir.
Xidmət rəisinin sözlərinə görə, yeni qanunda satınalmaların şəffaflığı məqsədilə bir sıra mühüm yeniliklər tətbiq ediləcək: «Əvvəla bu sənəd satınalma prosesini yüz faiz rəqəmsallaşmaya aparır. Rəqəmsallaşma hazırda müşahidə edilən neqativ halların aradan qaldırılmasına gətirib çıxaracaq».
Digər mühüm yenilik – tenderlərdə baş verən pozuntulara görə təkcə satınalan təşkilatın deyil, tender komissiyası üzvlərinin də ayrıca cəzalandırılması olacaq: «Tender komissiyasının üzvlərinin – hansı ki qeyd etdiyimiz kimi o komissiyalarda iştirak edən insanlar tenderi elan edir, həcmi müəyyənləşdirir, tələbləri qoyur, qiymətləndirir və onun nəticəsini çıxarır –bu insanlar nəinki qurumun məsuliyyətini daşıyacaq, həm də yeni qanunla onlara qarşı individual fərdi məsuliyyət də nəzərdə tutulur».
Yəni Antiinhisar Xidməti tenderdə hər hansı pöozuntuya görə artıq təkcə tenderi təşkil edən və pozuntuya səbəb olan pozan təşkilata qarşı deyil, həm də tender komissiyasının üzvlərinə qarşı maliyyə sanksiyaları tətbiq edə biləcək: «Bu o deməkdir ki, siz tender komissiyasının üzvü kimi səsvermədən əvvəl iki dəfə fikirləşəcəksiniz ki, bunun nəticəsi mənim şəxsi cibim üçün nə ola bilər. Yəni təmsil etdiyim qurum üçün yox, şəxsi cibim üçün».
Yeni qanunda digər yenilik, tender prosedurlarının müddətlərinin qısalması və yüngülləşməsi ilə bağlıdır: «Bununla bağlı kifayəıt qədər geniş yanaşmalar var, həm müddətlərin qısalması, həm proseslərin yüngülləşməsi və optimallaşdırılması yöndə. Yəni məqsəd ondan ibarətdir ki dövlət satınalmaları haqqında qanun obyektiv olan problemləri aradan qaldırsın. Biz yalnız xidmət kimi subyekt problemlərin olmamasına nəzarət edək. Bu nöqteyi-nəzərdə qanun layihəsi çox mükəmməl və mütərəqqi layihədir»-deyə xidmət rəisi bildirib.