Azərbaycanda "Dövlət satınalmaları haqqında" yeni qanun layihəsi hazırlanıb və bu ayın əvvəlində Nazirlər Kabinetinə təqdim edilib.
Ötən il dövlət satınalmaları üzrə ümumi məbləğ - 6779,2 MLN. MANAT OLUB
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O, bildirib ki, yeni qanun dövlət satınalmalarında səmərəlilik və şəffaflığı təmin edəcək:
"Bundan sonra bütün satınalmalar elektronlaşacaq. Bu da satınalmalarda sahibkarların iştirakı vasitəsilə biznesin inkişafına böyük töhfə verəcək və satınalmalarda iştirak məbləğlərinin azalmasına səbəb olacaq. Ötən il eyni zamanda etender.gov.az portalının funksionallığının təkmilləşdirilməsi işləri aparılıb və istifadəçi interfeysi yenilənib".
M. Abbasbəyli qeyd edib ki, hazırda elektron portala yeni inteqrasiyalar həyata keçirilir: "Mərkəzi Bankın elektron qarantiyalar reyestri ilə inteqrasiya yekunlaşıb. Növbəti mərhələdə Dövlət Vergi Xidməti ilə vergi arayışlarının inteqrasiyası, daha sonra Dövlət Statistika Komitəsinin sahibkarlıq subyektləri reyestri ilə inteqrasiya nəzərdə tutulub". (Report)