Dövlət Sosial Müdafiə Fondu (VÖEN: 1300050781) açıq müsabiqə elan edib.
FED.az xəbər verir ki, müsabiqə qurumun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınmasına dair elan olunub. Şərtlərə görə, Fond azı 2000 m² sahə icarə edəcək. Satınalmanın ehtimal olunan qiyməti 416 min 900 manatdır.
İcarə haqqına vergi, rüsumlar və komunal ödənişlər daxil olmalı, iddiaçı tərəfindən təqdim edilmiş güzəştlər barədə məlumatlar təqdim edilməlidir. İddiaçılar müəyyən edilmiş sahəyə uyğun olaraq qiymət təklifi verməlidirlər. İddiaçılar müəyyən edilmiş sahədən artıq təklif edilən sahələr barədə məlumat verə bilərlər.
İnzibati binanın sahəsi “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli qərarına (https://e-qanun.az/framework/29860) uyğun olaraq ZONA-6.1 ərazisində yerləşməlidir.
Xatırladaq ki, Zona 6.1-in sərhədləri belədir:
İzmir küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən başlayaraq, Tbilisi prospekti üzrə cənub istiqamətində Bakıxanov küçəsi ilə kəsişənədək, Bakıxanov küçəsi üzrə şərq istiqamətində Azadlıq prospekti ilə kəsişənədək, Azadlıq prospekti üzrə şimal istiqamətində akademik Həsən Əliyev küçəsi ilə kəsişənədək, akademik Həsən Əliyev küçəsi üzrə şərq istiqamətində Aşıq Molla küçəsi ilə kəsişənədək, Aşıq Molla küçəsi üzrə cənub istiqamətində Fətəli xan Xoyski prospekti ilə kəsişənədək, Fətəli xan Xoyski prospekti üzrə şərq istiqamətində Əhməd Rəcəbli küçəsi ilə kəsişənədək, Əhməd Rəcəbli küçəsi üzrə şimal istiqamətində Ziya Bünyadov prospekti ilə kəsişənədək, Ziya Bünyadov prospekti üzrə qərb istiqamətində Rəşid Məmmədov küçəsi ilə kəsişənədək, Rəşid Məmmədov küçəsi üzrə şimal istiqamətində Hüseyn Seyidzadə küçəsi ilə kəsişənədək, Hüseyn Seyidzadə küçəsi üzrə şimal istiqamətində 20 Yanvar küçəsi ilə kəsişənədək, 20 Yanvar küçəsi üzrə qərb istiqamətində Moskva prospekti ilə kəsişənədək.
İcarə müddəti 11 ay üçün nəzərdə tutulub.
Təklif edilən icarə sahəsi tam təmirli iş otaqları, avadanlıqla tam təmin olunmuş sanitar qovşaqları, liftə, daimi işıqlandırma, isti və soyuq su, mərkəzi isitmə və soyutma, havalandırma, ümumi şəbəkə, telefon və kamera xətlərinə, tam və işlək vəziyyətdə olan yanğın əleyhinə siqnalizasiya sisteminə, yanğınsöndürmə şitləri və balonlarına təhlükəsiz və rahat giriş-çıxışa malik olmalıdır. İcarə sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş çıxarışın və ya əmlakın mülkiyyətçiyə məxsusluğunu təsdiq edə bilən hüquqi qüvvəyə sənədə malik olmalıdır.
Müsabiqə üzrə təkliflərin son təqdim olunma tarixi 29 sentyabr 2025-ci il saat 18:30-dur. Zərflərin açılışı da həmin tarixdə saat 18:30-da keçiriləcək. İştirak haqqı 350 manat, istifadə haqqı isə 25 manatdır.
İddiaçılar təkliflərini 29 sentyabr 2025-ci il tarixinədək Bakı şəhəri, Həsən bəy Zərdabi 80 ünvanına təqdim edə bilərlər.
Əlaqələndirici şəxs: Zeynəb Axundova – böyük mütəxəssis
Əlaqə: [email protected], +994 12 432 58 63