Azərbaycanda dövlət tenderlərinin elan edildiyi Dövlət Satınalmalarının vahid internet portalına bir sıra yeniliklər edilib.
Elnur Bağırov: "Dövlət satınalmalarında çox iştirakçılıq təmin ediləcək"
FED.az xəbər verir ki, yeniliklər əsasən satınalma nömrələrinin yeni formatı və yekun protokolun versiyalarının saxlanmasına aiddir. Dəyişikliklər aşağıdakılardır:
Satınalma nömrəsinin yeni formatda müəyyən edilməsi:
Satınalma proseslərinin identifikasiyasını və vahid sistemdə izlənilməsini təmin etmək məqsədilə satınalma nömrələrinin formalaşdırılması mexanizmi yenilənib. Yeni format dövlət satınalmaları üzrə məlumatların vahid və sistemli şəkildə idarə olunmasına imkan yaradacaq və yalnız bundan sonrakı satınalmalara şamil olunacaq.
Yeni satınalma nömrəsinin daxili və kütləvi hissədə əks olunması, axtarışın yenilənməsi:
Yenilənmiş nömrələndirmə həm portalın daxili idarəetmə panelində, həm də ictimai (kütləvi) baxış hissəsində tətbiq ediləcək, axtarış mexanizmi bu formata uyğunlaşdırılacaq.
Yekun protokolların əvvəlki versiyalarına çıxışın təmin edilməsi:
Nəzarət orqanı tərəfindən imtina edilmiş müraciətlər üzrə yekun protokolların əvvəlki versiyalarına sistemdə çıxışın təmin olunması funksionallığı əlavə edilib.
Optimizasiya və texniki çatışmazlıqların aradan qaldırılması:
Portalın sabitliyinin və performans göstəricilərinin artırılması məqsədilə optimallaşdırma işləri aparılmış, əvvəlki mərhələlərdə aşkarlanmış texniki uyğunsuzluqlar aradan qaldırılıb. Yeni funksionallıqların tətbiqi dövlət satınalmalarının rəqəmsal idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə və istifadəçi təcrübəsinin yaxşılaşdırılmasına xidmət edir.













