İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2026-cı il üzrə AVİS-in (Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi) altsistemlərinə, elektron portal və məlumat bazalarına xidmətin göstərilməsi, habelə müvafiq lisenziya, SSL sertifikatı və domen adlarının satın alınması ilə bağlı tenderin nəticəsini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi “Cybernet” MMC (VÖEN: 9900050571)seçilib.
Qalib şirkətlə 9 647 416 manat məbləğində müqavilə bağlanıb. Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 10 369 504 manat təşkil edirdi.
Məlumat üçün bildirək ki, "Cybernet" MMC vergi sisteminin rəqəmsallaşdırılması sahəsində uzun illərdir fəaliyyət göstərən əsas tərəfdaşlardan biridir. Şirkət bundan əvvəl də sözügedən qurum və İqtisadiyyat Nazirliyinin digər strukturları ilə çoxmilyonluq layihələr icra edib:
2023-cü ildə vergi orqanlarının İT sistemlərinin təkmilləşdirilməsi və monitorinqi üzrə müvafiq olaraq 1 770 000 və 6 117 524 manatlıq müqavilələr imzalayıb.
2021-2022-ci illərdə "Yeni AVİS 2" informasiya sisteminin yaradılması layihəsinin müxtəlif mərhələləri üzrə ümumi dəyəri 13,6 milyon manatdan çox olan (4,6 mln və 8,9 mln manatlıq) tenderlərin qalibi olub.
Həmçinin Sahibkarlığın İnkişafı Fondunun elektron kredit platformasının təkmilləşdirilməsi və texniki dəstəyi (176 473 manat) xidmətlərini də bu şirkət həyata keçirib.
Qeyd edək ki, “Cybernet” MMC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Emil Əmirov Etibar oğludur. Hüquqi ünvanı AZ1154, Bakı Şəhəri Nərimanov Rayonu, İsmayıl Hidayətzadə, ev 11 ünvanında yerləşir.












