“Dövlət Sosial Müdafiə Fondu” PHŞ (VÖEN: 1300050781) Fondun Filialları üçün ofis sahələrinin icarələnməsi ilə bağlı tenderləri yekunlaşırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Fondun Təminat Xidməti və Arxiv üzrə Mərkəzi Filialı üçün və Fondunun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması ilə bağlı fiziki şəxs Həsənova Qaze Həsən qızı (VÖEN: 1600110362) ilə satınalma müqavilələri imzalanıb.
Fondun Təminat Xidməti və Arxiv üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarələnməsi ilə bağlı tərəflər arasında imzalanmış satınalma müqaviləsinin dəyəri 2 milyon 690,3 min manat təşkil edib. Müqaviləyə görə, Həsənova Qaze Fondun Təminat Xidməti və Arxiv üzrə Mərkəzi Filialı üçün 11,3 min kvadrat metr sahəni 24 aylıq icarəyə verib. Ofisin aylıq icarə haqqı 112,1 min manat təşkil edir.
Fondunun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün sahəsinin icarələnməsi ilə bağlı tərəflər arasında imzalanmış satınalma müqaviləsinin dəyəri isə 1 milyon 946,7 min manat təşkil edib. Bu müqaviləyə görə, Həsənova Qaze Fondunun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün 3,5 min kvadrat metr sahəni 36 aylıq icarəyə verib. Ofisin aylıq icarə haqqı 54,1 min manat təşkil edir.
İki müqavilənin nəticəsi olaraq fiziki şəxsə 4 milyon 637 min manat ödəniş edilib.
Xatırladaq ki, tərəflər arasında ötən ilin dekabrında Fondunun Regionlarla İş üzrə Mərkəzi Filialı üçün inzibati bina sahəsinin icarəsi xidmətinin satınalınması ilə bağlı 185,4 min manatlıq müqavilə imzalanmışdı. Müqaviləyə görə, min kvadratmetr ofis sahəsi 12 aylıq icarəyə verilmişdi. Aylıq icarə haqqı 15,5 min manat təşkil edib.














