Azərbaycanda dövlət satınalmalarında böyük vəsaitlərin sərf edildiyi daha bir sahə məlum olub.
FED.az xəbər verir ki, Dövlət Məşğulluq Agentliyi (DMA) Agentliyin Aparatı və Mərkəzi filialları üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması üzrə tenderə yekun vurub.
Xatırladaq ki, 2025-ci ilin noyabr ayında elan edilən tenderin şərtlərinə əsasən Dövlət Məşğulluq Agentliyinin (VÖEN 1300144711) Aparatı və Mərkəzi filialları üçün ofis sahəsinin icarəsi xidmətinin üzrə təkliflərin verilməsi dekabrda tamamlanıb və qalib elan edilib.
Şərtlərə görə, Agetlik müxtəlif tələblərə cavab verən 8300 kvadratmetrlik sahə icarəyə götürüb. Tenderin qalibi fiziki şəxs Gülnarə Ibadova Sultan qızı olub.
Tenderdə yekun qiymət ehtimal olunan qiymətdən 2 dəfə aşağı olub. Belə ki, tenderdə ehtimal olunan qiymət 3 milyon 180 min manat olduğu halda müqavilə 1 milyon 499 min manat məbləğində bağlanılıb.
Yeri gəlmişkən, maraqlıdır ki, Agentliyin Lənkəran-Astara Regional filialı da ofisi Gülnarə Ibadovadan icarəyə götürüb - 400 kvadratmetrlik ofis 36 aylıq müddətə ümumilikdə 133m min manata icarəyə götürülüb.
Ümumilikdə Dövlət Məşğulluq Agentliyi son 3 ildə ofis icarələri üçün müxtəlif şirkət və şəxslərə 9 milyon manata yaxın icarə haqqı ödəyib.
Belə ki, yuxarıda göstərilənlərdən əlavə 2023-cü ilin sonunda DMA-nın Dağlıq Şirvan Regional Məşğulluq filialı üçün ofis sahəsinin 36 aylıq müddətə icarəsi üçün Faiq Nizami oğlu Şirinova 107 min manat ödənilib.
Bundan başqa, 2 dəfə - 2023-cü ilin əvvəlində və sonunda Agentlik Ofis sahəsinin icarəsi üçün "CEYHUN-3" İstehsalat Kommersiya Firmasina hər dəfə 990 min manat olmaqla ümumilikdə 1 milyon 980 min manat icarə haqqı ödəyib.
2023-cü ilin ortalarında isə DMA-nın Bakı Regional Məşğulluq Filialı üçün ofis sahəsinin icarəsi üçün Xudaqulu Əhət oğlu Rzayevə 795 min manat icarə haqqı ödənilib.
2022-ci ildə isə DMA Ofis sahəsinin icarəsi üçün "MACAZ CONSTRUCTİON" MMC-yə 744 min manat ödəyib.
Bu sahədə DMA-nın ən böyük müqaviləsi 2021-ci ildə DMA-nın Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzi üçün inzibati bina və emalatxana sahəsinin icarəsi üzrə bağlanılıb. Sahəsi 5000 kvadratmetr olan ofis və emalatxanının 10 illik icarəsi üçün «RUSEL» şirkətinə 3 milyon 600 min manat ödəniş edilib.
Nəhayət, 2021-ci ilin əvvəlində DMA-nın 8 saylı Ərazi Məşğulluq Mərkəzinin filialı üçün ofis sahəsinin icarəsi məqsədilə fiziki şəxs Faiq Nizami oğlu Şirinova 90 min manat ödəniş edilib.
Sadalanan müqavilələr üzrə DMA t ərəfindən müxtəlif fiziki şəxslər və şirketlərə ümumilikdə 8 milyon 948 min manat icarə haqqı ödənilib və ya davam edən müqavilələr üzrə ödənilməkdədir.











