İyun ayının əvvəlində iki ayrı dövlət qurumu tərəfindən elan olunmuş planşet alışı tenderləri eyni səbəblə ləğv edildi. Hər iki tenderin uğursuz nəticələnməsi bazar iştirakçılarının azlığı ilə izah olunur.
Uyğunsuz təkliflər Qarabağda 700 minlik layihəni dayandırdı - DETALLAR
FED.az xəbər verir ki, ilk tender “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs tərəfindən elan edilmişdi. 25 ədəd planşetin alınması nəzərdə tutulmuş və ehtimal olunan satınalma məbləği 8.702,50 manat təşkil etmişdi. Satınalma proseduru 5 may 2025-ci ildə elan olunmuş, təkliflərin qəbulu və zərflərin açılışı isə 29 may tarixində baş tutmalı idi.
Lakin təklif təqdim edən təchizatçıların sayı üçdən az olduğu üçün, müsabiqə qanunvericiliyə uyğun şəkildə ləğv olunub.
Eyni mənzərə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən keçirilən tenderdə də yaşanıb. Bu qurum tərəfindən 227 ədəd planşet alınması planlaşdırılmışdı. Ehtimal olunan satınalma dəyəri isə 129.108,52 manat idi. Müsabiqə 15 may 2025-ci il tarixində elan edilmiş, təkliflərin qəbulu və açılışı isə 10 iyun 2025-ci il saat 15:31-də nəzərdə tutulmuşdu.
Lakin bu müsabiqə də eyni səbəbdən – iştirakçı sayının azlığı (üçdən az) səbəbilə – ləğv edilib.
Beləliklə, dövlət qurumlarının texniki təchizat üçün ayırdığı büdcə və ehtiyaclar tender mərhələsində reallaşa bilmədi. Bu hal ölkədə texnoloji təchizat sahəsində tender rəqabətinin zəifliyini və bazarda ixtisaslaşmış təchizatçıların azlığını bir daha gündəmə gətirir.