Dövlət Neft Fondu tərəfindən 23 noyabr 2022-ci il tarixində elan edilimi "Mühəndis-texniki qurğulara və çəngəlli yük qaldırıcı avadanlığa texniki xidmətin (təmir və sərfiyyat materialları daxil olmaqla) satın alınması" tenderi ləğv edilib.
FED.az xəbər verir ki, açıq tender üsulu ilə keçirilmiş elektron satınalma müsabiqəsində iddiaçıların qiymət təklifləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.5.3-cü və 27.4-cü maddələrinin tələblərinə əsasən kənarlaşdırılıb.Bununla da satınalma proseduru ləğv edilib.
Qeyd edək ki, həmin qanunun 36.5.3-cü maddəsinə əsasən tender təklifi formal tələblərə uyğun gəlmirsə təklifin kənarlaşdırılması barədə qərar 1 bank günü ərzində kənarlaşdırılan malgöndərənə (podratçıya) göndərilir.
27.4-cü maddəyə görə isə hər hansı təklifin qiyməti müvafiq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətindən yüksək olarsa, satınalan təşkilat həmin təklifi satınalma prosedurlarından kənarlaşdırır. Satınalan təşkilat satınalma müqaviləsini yerinə yetirmək üçün hər hansı malgöndərənin (podratçının) təqdim etdiyi təklifin qiymətinin ehtimal olunan qiymət ilə müqayisədə 20 faiz və daha artıq aşağı olmasını müəyyən etdiyi hallarda, aşağıda göstərilən şərtlərə əməl etdikdən sonra belə təklifləri rədd edə bilər:
- satınalma müqaviləsini yerinə yetirmək qabiliyyəti şübhəli görünən malgöndərəndən (podratçıdan) onun təklifi barədə yazılı sorğu əsasında ətraflı məlumat aldıqda;
- malgöndərənin (podratçının) yazılı sorğu əsasında təqdim etdiyi bütün izahat və məlumatları aldığı halda, satınalma müqaviləsinin yerinə yetirilməyəcəyinə şübhələr qaldıqda.