"Dövlət Məşğulluq Agentliyi" PHŞ tərəfindən Agentliyin Aparatı və Mərkəzi filialları üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması üzrə elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi sahibkar Gülnarə Sultan qızı İbadova (VÖEN: 1605375812) olub. Müqavilənin ümumi dəyəri 2 milyon 998,6 min manat təşkil edir. Ehtimal olunan qiymət isə 3 milyon 180 min 636 manat idi.
Ofis üçün tələblər: Ofisin ümumi sahəsi (əsas və yardımçı sahələr daxil olmaqla) 8335 kvadrat metr (eyvan sahəsi daxil deyil) olmalıdır. Ofis sahəsində minimum 140 - 150 otaq (50 ədəd minimum 30-35 kv.m-lik, qalan otaqlar isə 20-25 kv.m-lik), minimum 5 iclas zalı (minimum 25-30 kv.m) və hər mərtəbədə minimum 3 mətbəx və minimum 5 sanitar qovşağı olmalıdır. Ofis sahəsində ən azı 1 mərkəzləşdirilmiş server otağı mövcud olmalıdır və zəif axının (internet) server otağından birbaşa hər bir əməkdaşın fərdi komputerinə qoşulma imkanı olmalıdır. Ofis sahəsində 2 sürətli sərnişin lifti və 1 yük litti olmalıdır. Minimum 60 ədəd nəqliyyat vasitəsinin parklanması üçün yeraltı dayanacaq və ya həyətyanı sahəsi olmalıdır. İcarə müddəti 24 ay nəzərdə tutulub.
Qeyd edək ki, Gülnarə İbadova Agentliyin icarə üzrə əsas tərəfdaşlarından biridir. Fiziki şəxs bundan əvvəl də qurumun tenderlərində qalib gəlib:
Lənkəran-Astara RMF üçün ofis icarəsi – 133 min 200 manat (29.05.2025).
Agentliyin Aparatı üçün ofis sahəsinin icarəsi – 1 milyon 499 min 300 manat (30.01.2025).
Beləliklə, tərəflər arasında 1 il ərzində imzalanan müqavilələrin ümumi dəyəri 4 milyon 631 min 100 manat təşkil edir.










