Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ tərəfindən “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-123 üzrə binaların tikintisi işləri” ilə bağlı tenderin qalibi müəyyən edilib.
Bakı–Füzuli hava reysi üzrə xidmət tenderini AZAL qazandı
FED.az xəbər verir ki, tenderin icrasını “İnnova İnşaat” MMC (VÖEN: 5501250581) həyata keçirəcək. Qalib şirkətə 13 376 220 AZN ödəniş ediləcək.
Qeyd edək ki, “İnnova İnşaat” MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Zəfər Səmədov Yaqub oğludur. Hüquqi ünvanı İmişli rayonu, Qaralar kəndində yerləşir.
Şirkət daha əvvəl bir neçə iri tenderin qalibi olub. 2025-ci ilin fevral ayında, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ tərəfindən keçirilən “Ağdam rayonu Xıdırlı kəndində tikintisi nəzərdə tutulan qeyri-yaşayış binalarının tikinti-quraşdırma işləri” tenderində 3 378 278 AZN məbləğində müqavilə imzalayıb.
Bundan əlavə, avqust ayında “Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi”nin keçirdiyi tenderdə də qalib olub. Şirkət həmin tender üzrə Xankəndi Regional Mühafizə Şöbəsinin inzibati binasının əsaslı təmiri işlərini həyata keçirmək üçün 599 201 AZN dəyərində sifariş əldə edib.
Beləliklə, şirkətin son dövrdə qazandığı üç tenderin ümumi dəyəri 17 milyon AZN-dən çoxdur.