“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ümumi dəyəri 29 milyon 669 min manatdan çox olan üç böyük satınalma müqaviləsi imzalayıb.
FED.az bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Satınalmaların ən böyüyü işğaldan azad edilmiş rayonlar üçün elektrik mühərrikli avtobusların alınması ilə bağlıdır. Bu tenderin qalibi “Azerbaijan Energy Automotive Factory” MMC olub və müqavilənin dəyəri 16 milyon 675 min 640 manat təşkil edir.
Digər iki böyük müqavilə isə Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq ərazisində yerləşən yeni avtobus parkının qurulması ilə əlaqədardır. Parkın elektrik təchizatı işlərinin satın alınması üçün “Bakelktro” Açıq Səhmdar Cəmiyyəti ilə 12 milyon 255 min 98,48 manat dəyərində müqavilə imzalanıb.
Həmçinin, həmin avtobus parkının təmir mərkəzi üçün tələb olunan alət və avadanlıqların satın alınması və quraşdırılması üzrə “Toptul.Az” MMC ilə 738 min 504,14 manat dəyərində müqavilə bağlanıb.
Qeyd edək ki, avadanlıqların və elektrik təchizatı işlərinin satın alınması bir mənbədən satınalma metodu ilə həyata keçirilib.











