“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC iki mərhələli açıq tender elan edir.
FED.az xəbər verir ki, tender elanında Bakı şəhəri, Nərimanov rayonu, Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib Bəy Yusifbəyli küçələrinin kəsişməsində salınacaq yeni parkın layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması nəzərdə tutulur.
Bakı şəhəri, Nərimanov rayonu, Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib Bəy Yusifbəyli küçələrinin kəsişməsində salınacaq yeni parkın layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması üçün iki mərhələli tenderdə iştirak etmək üçün iddiaçılar birinci mərhələnin yekununa qədər özlərinin hazırlamış olduqları eskiz layihəni iki nüsxədən ibarət albom şəklində, eyni zamanda elektron formada təqdim etməlidirlər. Birinci mərhələ üçün sifarişçi tərəfdən ərazinin topoqrafiyası və dron şəkilləri iddiaçılara veriləcəkdir. Bundan əlavə, iddiaçılara ərazi ilə tanış olmaq şəraiti yaradılacaqdır. Birinci mərhələ üçün iştirakçılara hazırladıqları eskiz layihələrə görə ödəniş verilməyəcəkdir. İddiaçıların müvafiq sahədə təcrübəsinin olması mütləqdir. Birinci mərhələnin yekununda təqdim olunmuş eskiz layihəyə komissiya üzvləri tərəfindən baxış keçiriləcək və yekunda komissiyanın müsbət rəyini almış azı 3 şirkət tenderin ikinci mərhələsində iştirak haqqı qazanacaqdır. İkinci mərhələdə iştirak edən iddiaçılar qiymət təklifi verərkən sözügedən parkla əlaqəli bütün hazırlayacaqları layihələrin dəyərini təqdim etməlidirlər (eskiz, memarlıq, kommunikasiya, konstruksiya, smeta və digər layihələr.)
İlkin mərhələ 3 aprel 2023-cü il saat 10.00-dan 2 may 2023-cü il saat 10.00-dək davam edəcək, 5 may 2023-cü ildə birinci mərhələnin nəticələri açıqlanacaqdır.
İkinci mərhələ üçün təkliflər 8 may 2023-cü il saat 11.00-dan 23 may 2023-cü il saat 11.00-dək qəbul olunacaqdır.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlarına malik olmalıdır.
Əlaqələndirici şəxs – Əhməd Məmmədov, 496-52-05
Birinci mərhələdə iştirak edən iddiaçılar eskiz layihə ilə bərabər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayan-dırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
- mənfəət vergisinin bəyannaməsi (2021-ci ili əhatə etməli və hesabat vergi orqanı tərəfindən məktubla təsdiq edilməlidir. Təsdiq məktubu elektron qaydada əldə edildikdə notarial təsdiqli təqdim edilməlidir);
- iddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; - müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- dövlət satınalmaları müsabiqəsində iştirak etmiş oxşar işlərə dair son 3 ildə bağlanmış müqavilələrin surəti (təsdiqli formada);
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəa-liyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış;
- mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olması barədə məlumat.
İkinci mərhələ üçün aşağıda qeyd olunan sənədlər tələb edilir:
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifinin 1 faizi həcmində bank təminatı;
- tender təklifi təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır;
- müqavilənin yerinə yetirilməsinin təminatı müqavilənin yerinə yetirilmə müddətindən sonra 30 bank günü çox olmalıdır. Müqavilənin yerinə yetirilməsi təminatı 5 faizdir.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları əlaqələndirici şəxsə ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.