“Baker Tilly Audit Azerbaycan” QSC “Azərbaycan Biznesinin İnkişafı Fondu” (ABİF) publik hüquqi şəxsin auditoru seçilib.
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, ABİF və “Baker Tilly Audit Azerbaycan” arasında bağlanmış müqaviləyə əsasən, QSC fondun 2021-ci il üzrə maliyyə hesabatlarının auditini keçirəcək.
Müqavilənin dəyəri 42,48 min manatdır.
Prezident İlham Əliyev 2021-ci il oktyabrın 11-də “Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsin və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılır. Fond iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafını dəstəkləyəcək, bu sahədə fəaliyyətin stimullaşdırılmasını təmin edəcək, habelə sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərəcək.