Xəbər verildiyi kimi, «Azərpambiq Aqrar Sənaye Kompleksi» MMC şirkəti 2019, 2020 və 2021-ci illər üzrə illik, son 36 təqvim ayı üzrə aylıq və rüblük bəyannamələr üzrə vergi əməletməsinin yoxlanılması və yoxlanılan dövr üzrə vergi orqanlarına dəqiqləşmiş bəyannamələrin təqdim edilməsi xidmətinin göstərilməsi üzrə tender elan edib.
FED.az xatırladır ki, müsabiqədə iştirak haqqı 250 manatdır, müsabiqə sentyabrın 23-də başlayıb, tələb olunan sənədlər oktyabrın 13-dək, təkliflər isə oktyabrın 21-dək təqdim edilməlidir. Zərflər oktyabrın 24-də açılacaq.
Bununla yanaşı, diqqəti çəkən məqam, «Azərpambıq»ın tenderində potensial iştirakçılar üçün tətbiq edilən ilkin şərtlərdir.
Belə ki, şərtlərə əsasən tenderə qatılmaq istəyən namizədlər son 3 il ərzində illik dövriyyəsi azı 150 milyon manat olan 2 Azərbaycan şirkətinin illik vergi bəyannamələrinin təhlilini aparmış olmalı, işçi sayı (əmək müqaviləsi üzrə işləyənlər) azı 100 nəfər olmalı, beynəlxalq sertifikatı olan azı 7 peşəkar işçisinin olması – hamısı da Azərbaycan vətəndaşı kimi şərtlər qoyulub.
Bundan başqa, sözügedən tenderə qatılmaq istəyən şirkət Azərbaycan ərazisində azı 10 il iş təcrübəsinə malik olmalı, layihəyə rəhbərlik və koordinasiya edəcək şəxsin isə analoji sahə üzrə 10 ildən artıq iş təcrübəsinin olması tələb olunur (əsas tələblərin siyahısı aşağıda).
Qeyd edək ki, sözügedən tələblər mühasibatlıq şirkətlərinin əksəriyyəti üçün yerinə yetirilə bilməyən tələblərdir. Məsələ bundadır ki, illik dövriyyəsi 150 milyon manat olan yerli şirkətin sayı o qədər də çox deyil ki, namizəd onlardan azı 2 şirkətin işlərini aparmış olsun.
Bundan başqa əmək müqaviləsi ilə işləyən işçilərinin sayınn azı 100 nəfər olması tamamilə lüzumsuz tələbdir – mühasibət şirkətlərinin sifarişləri böyük olduqca, onlar hər bir layihə üzrə kənardan asanlıqla tələb olunan mütəxəssisi cəlb edib işləyə bilərlər.
Digər tərəfdən, namizəd şirkətlərdən ölkə ərazisində azı 10 il iş təcrübəsinin olması tələb olunur. Bu tələbin və göstərilən müddətin haradan qaynaqlanması və müddət göstəricisinin nəyə əsaslanması məlum deyil. Belə ki, məsələn 8-9 il, hətta cəmi 4-5 il əvvəl də yaradılan və bütün tələblərə cavab verən şirkətlər də öz peşəkar əməkdaşları ilə sifarişləri yerinə yetirə bilərlər.
Qeyd edək ki, dövloət qurumları tərəfindən satınalmalar zamanı belə qeyri-adi və əsassız tələblərin qoyulması adi praktikadır. Bəzi hallarda belə şərtlərin tətbiq edilməsində məqsəd tenderdə hansısa konkret şirkətin və ya hansısa kateqoriyaya aid şirkətlərin (hansı ki, bütün bu tələblərə uyğundur və tələblər də həmin şirkətin göstəriciləri əsasında formalaşdırılıb) qalib gəlməsinə şərait yaratmaq olur.
Azərbaycanda dövlət satınalmalarına nəzarət edən qurum - Antiinhisar və İstehlakçıların hüquqlarının müdafiəsi Xidməti belə halları izləyir və qarşısını alır. Xatırladaq ki, bir qədər əvvəl AZAL da öz əməkdaşlarının işdən evə-evdən işə daşınması üçün avtobus xidmətləri üzrə tender alın etdikdə – az qala kosmonavtların daşınması üçün tələb olunan şərtlərə uyğun, qeyri-real tələblər tətbiq etmişdi. Elandan hiss edilirdi ki, sözügedən şərtlər yalnız bir şirkətin qalib gəlməsi üçün təbiq edilib. Amma sonradan Xidmət bu tenderi ləğv edərək, onun daha normal şərtlər çərçivəsində yenidən keçirilməsinə nail olub.
Namizədlərdən tələblər:
- 1C 8.3 ERP proqramında müstəqil işləmək bacarığına malik olan səriştəli yerli mütəxəssislərin mövcudluğu
- Beynəlxalq mühasibat uçotu üzrə lisenziyaya (ACCA və ya CPA) sahib olan daimi iş yeri Azərbaycanda yerləşən ən azı 7 peşəkar işçinin (Azərbaycan Respublikası vətəndaşı olmaq şərti ilə) olması
- Son 3 il ərzində illik dövriyyəsi ən azı 150 milyon manat olan Azərbaycan Respublikası rezidenti olan ən azı 2 şirkətin vergi bəyannamələrinin təhlili aparması;
- Xidmətlərin göstərilməsi zamanı ən azı 1 nəfər PMS olan mütəxəssisin layihədə iştirakı
- Əmək müqaviləsi üzrə çalışan işçi sayının 100 nəfərdən artıq olması
- Dövlət şirkətlərinin mühasibat uçotunun və vergi əməletməsinin təhlili üzrə son 3 ildə əldə olunmuş təcrübəsi olmalıdır
- Layihəyə cəlb ediləcək komandaya rəhbərlik və ya koordinasiya edəcək şəxsin analoji sahə üzrə 10 ildən artıq iş təcrübəsinin olması;
- Azərbaycan Respublikası ərazisində ən azı 10 il daimi fəaliyyətin olması;