Azərbaycanda pambıq iplik istehsalı fabrikinin qurulmasına hazırlıq üçün Azərbaycan Sənaye Korporasiyası tərəfindən elan edilmiş təkliflər sorğusu baş tutmayıb.
FED.az xəbər verir ki, korporasiyaya daxil olan "Azərpambıq ASK" MMC tərəfindən Pambıq iplik istehsalı fabrikinin qurulması üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması xidmətinə dair 05.08.2022-ci il tarixində keçirilmiş təkliflər sorğusu proseduru nəticəsində "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən bütün təkliflər rədd edilib.
Xatırladaq ki, qanunun sözügedən maddəsinə görə, satınalma aşağıdakı hallarda baş tutmur:
11.2. Satınalan təşkilat dövlət mənafelərinin qorunması məqsədi ilə aşağıdakı hallarda bütün tender təkliflərinin, oferta və kotirovkaların aksept olunana qədər rədd edilməsi barədə qərar qəbul edə bilər:
- tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə;
- tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda;
- tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda.
Bu qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmalıdır. Satınalan təşkilat tender təklifi, oferta və ya kotirovka təqdim etmiş malgöndərənin (podratçının) sorğusu ilə ona bütün tender təkliflərini, ofertaları və ya kotirovkaları rədd etməsi barədə məlumat verir.