Azərbaycanda "Dövlət satınalmaları haqqında" yeni qanun layihəsi hazırlanıb bu ayın əvvəlində Nazirlər Kabinetinə təqdim olunub.
Azərbaycanda keçirilən satınalmalarda iştirak məbləğlərinin - AZALMASI GÖZLƏNİLİR
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yeni qanun dövlət satınalmalarının effektivliyini və şəffaflığını təmin edəcək.
"Bundan sonra bütün satınalmalar elektron qaydada aparılacaq ki, bu da sahibkarların tenderlərdə iştirakı hesabına biznesin inkişafına töhfə verməklə yanaşı, satınalmalarda iştirak məbləğinin azalmasına gətirib çıxaracaq. Eyni zamanda ötən il etender.gov.az portalın fəaliyyətinin təkmilləşdirilməsi üzrə işlər aparıldı və platformanın istifadəçi interfeysi yeniləndi", - o deyib.
M.Abbasbəyli elektron portalın Mərkəzi Bankın elektron zəmanətlər reyestri ilə inteqrasiyasının tamamlandığını qeyd edib.
"Növbəti mərhələdə vergi arayışlarının Dövlət Vergi Xidməti ilə, daha sonra isə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sahibkarlıq subyektlərinin reyestri ilə inteqrasiyası nəzərdə tutulub", - o əlavə edib. (Trend)