İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi MMC iri məbləğli müsabiqənin nəticəsini açıqlayıb.
FED.az xəbər verir ki, müsabiqə bir mənbədən satınalma metodu ilə keçirilib. Qalib “Mckinsey and Company (Azerbaijan), inc” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1701840751) olub. Qalib şirkətlə 9 milyon 600 min manat dəyərində müqavilə bağlanıb.
Müqavilədən “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə hüquqi çərçivənin təkmilləşdirilməsi, “Dəniz suyunun duzsuzlaşdırılması”, “Yaşıl sənaye zonasının yaradılması”, “İnvestisiyaların sürətləndirilməsi çərçivəsinin hazırlanması”, “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın hazırlanmasına dəstək layihələri üzrə məsləhətçi xidmətlərinin satınalması nəzərdə tutulsun.
McKinsey & Company Amerikanın beynəlxalq idarəetmə konsaltinq şirkətidir. 1926-cı ildə James O. McKinsey tərəfindən Çikaqoda qurulan şirkət dünyanın ilk idarəetmə konsaltinq firması tituluna malikdir.
Hazırda onun baş ofisi Nyu Yorkda yerləşir . Onun 44 müxtəlif ölkədə 83 ofisi var. Şirkətin 10.000-dən çox işçisi və 3 milyard dollar dövriyyəsi var.
McKinsey dövlət və özəl sektorun iqtisadi siyasətlərini və qərarlarını təhlil edir, bununla bağlı hesabatlar hazırlayır, idarəçilik üzrə məsləhət xidmətləri təklif edir.
Şirkətin Azərbaycandakı filialı 15 sentyabr 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Mehmet Murat Kutalmış Gürsoydur. Hüquqi ünvanı AZ1010, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, NEFTÇİLƏR PR., ev.153, PORT BAKU, ŞİMAL QÜLLƏSİ, 7-Cİ MƏRTƏBƏ-dir