“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” (“Akkord STİK”) ASC Gürcüstanda daha bir tenderin qalibi olub.
Eləcə də bax: Nazirliyin böyük tikinti tenderini - MƏHŞUR TÜRK ŞİRKƏTİ QAZANDI - MƏBLƏĞ
FED.az xəbər verir ki, Gürcüstan hökuməti bir müddət əvvəl Kutaisi şəhərindəki Ağmaşenebeli prospektinin yenidən qurulması ilə bağlı tender elan etmişdi. “Akkord STİK” ASC ən sərfəli təkliflə müsabiqədə iştirak edib və qalib olub.
Sentyabrın 14-də isə tenderlə bağlı müqavilə imzalanıb. Müqaviləyə əsasən, “Akkord STİK” ASC Kutaisi Bələdiyyəsinin Ağmaşenebeli prospektinin 3 kilometrlik hissəsini bərpa edəcək. Buraya 2 tərəfli, 3 zolaqlı asfalt yolun reabilitasiyası və digər işlər daxildir. Layihənin ümumi dəyəri 7 milyon 373,2 min GEL-dir.
Xatırladaq ki, “Akkord” Gürcüstanda “Şərq-Qərb” beynəlxalq avtomobil magistralının (E-60) tərkib hissəsi olan Samtredia-Grigolote hissəsində tikinti işlərinin aparılması ilə bağlı tenderin qalibi olub. ASC bu layihə çərçivəsində Gürcüstanda inşa etdiyi beynəlxalq əhəmiyyətli avtomobil magistralının bir hissəsini istifadəyə verib. Yolun açılış mərasimində Gürcüstanın Baş Naziri Giorgi Qaxariya da iştirak edib və şirkətin işini yüksək qiymətləndirib.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaşdır. Azərbaycan şirkətləri bu tərəfdaşlığın daha da möhkəmlənməsində mühüm rol oynayır.
azərtac