Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən heyvanların sağlamlığı üçün zəruri olan dabaq xəstəliyinə qarşı peyvənd vasitələrinin satın alınması ilə bağlı həyata keçirilən satınalmaların nəticələri açıqlanıb.
FED.az xəbər verir ki, Agentlik ümumi dəyəri 9 milyon 550 min 278 manat olan 3 müqavilə imzalayıb. Satınalmaların nəticələri aşağıdakı kimidir:
"Epidbiomed" Məhdud Məsuliyyətli Cəmiyyəti iki açıq tenderin qalibi olub. Şirkət Agentliyin tabeliyində olan Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün Dabaq (A.O. Asiya 1, Sat 2) xəstəliyinə qarşı peyvəndlərin təchizatı üçün 3 milyon 819 min 900 manat, Dabaq (A.O. SAT 2) xəstəliyinə qarşı peyvəndlər üçün isə 3 milyon 452 min 800 manatlıq müqavilələr imzalayıb. Şirkətlə bağlanan müqavilələrin ümumi dəyəri 7 milyon 272 min 700 manat təşkil edir.
"Megavet" LLC isə "Bir mənbə" metodu ilə keçirilən satınalmanın qalibi seçilib. Şirkət Agentliyi Dabaq (A,O, Asiya-1, Sat-1, Sat-2) və (A,O, Sat-1, Sat-2) xəstəliyinə qarşı peyvənd vasitələri ilə təmin edəcək. Müqavilənin dəyəri 2 milyon 277 min 578 manat təşkil edir.











