“AzerGold” QSC tərəfindən təsis edilən "Daşkəsən Dəmir Filiz" MMC elan etdiyi tenderin nəticələrini açıqlayıb.
AMB ismarıclar göndərmək üçün SMS xidməti alır - DETALLAR
FED.az xəbər verir ki, tender “Ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirin qiymətləndirilməsinin hazırlanması” xidmətinin satın alınması üzrə elan olunmuşdu. Tenderin qalibi "İqlim LTD" MMC (VÖEN: 1300048371) olub.
Qalib şirkətlə bağlanan müqavilənin dəyəri 917 957 manat təşkil edir. Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
Qeyd edək ki, “İqlim LTD” MMC 2025-ci ildə başqa tenderdə qalibiyyət əldə etməyib. Lakin şirkət 2024-cü ildə bir neçə önəmli tenderin qalibi olub.
Həmin ilin 29 avqust ayında "Azərenerji" ASC-nin AZURE Layihəsi ilə bağlı ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi, həmçinin ətraf mühitin sosial idarəetmə planının hazırlanması xidmətlərinin satın alınması üzrə açıq tenderdə qalib gəlib və bu xidmətlər üçün 177 118 manat məbləğdə müqavilə bağlayıb.
20 avqust 2024-cü ildə, İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi MMC tərəfindən keçirilən tenderdə ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi ilə yanaşı, torpaq və yeraltı suların tədqiqi xidmətləri üzrə də tenderdə qalib seçilərək 1 215 035 manatlıq müqavilə imzalayıb. Bundan əvvəl isə 8 may 2024-cü ildə eyni qurumun təşkil etdiyi başqa tenderdə Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə hazırlanmış texniki-iqtisadi əsaslandırma sənədinin ekspert qiymətləndirilməsi işlərinə görə 285 914 manat məbləğində müqavilə bağlayıb.
Qeyd edək ki, “İqlim LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Mirzəxan Mənsimov Rzaxan oğludur. Hüquqi ünvanı AZ1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı, ev.Məh.507/511, Altes Plaza, bina "B", mərtəbə 3 ünvanında yerləşir.