Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti böyük tenderinə yekun vurub.
FED.az xəbər verir ki, departamentin «Kommunal təyinatlı maşın və mexanizmlərin alınması» tenderində «İmprotex Trucks and Buses» MMC qalib gəlib. İyunun 18-də imzalanan müqaviləyə görə, sözügedən şirkət Bakı İcra hakmiyyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə 9 milyon 997 min 414 manat, təqribən 10 milyon manatlıq kommunal texnika satacaq.
Qeyd edək ki, son 9 ay ərzində «İmprotex Trucks and Buses» MMC artıq ikinci dəfədir ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin qalibi olur. Meriyanın qurumu 2019-cu ilin oktyabr ayında da bu şirkətdən böyük məbləğdə təxminən eyni təyinatlı avadanlıqlar almışdı. Belə ki, 2019-cu ilin 18 oktyabrında «İmprotex Trucks and Buses» MMC-dən ümumi dəyəri 12 milyon 436 min 322 manat olan Kommunal təyinatlı maşın və mexanizmlər alınıb.
Qeyd edək ki, sözügedən şirkət məşhur iş adamı, keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova məxusudur.